Şəhidlərin xatirəsinə boks turniri keçirildi

ESTAFET/ Bugün Mehdiabad qəsəbəsində "Cənub" İdman Klubunun təşəbbüsü və təşkilatçılığı ilə qəhrəman şəhidlərimiz Rasim Rufullayev, Elşən Sultanlı, Vüqar Baloğlanov, Səyyar Ağayev, Fəyaz Masiyev, Arif Bağırov, Şahin Abdullayev və Qiyas Əzizovun xatirəsinə həsr olunmuş klublararası boks turniri keçirilib.

Bir dəqiqəlik sükutdan və himnimiz səsləndikdən sonra startı verilən yarışda 14 klubdan 100-dək idmançı gücünü sınayıb.

Komanda hesabında 1-ci yeri tutan Cənub İdman Klubunun təsisçisi və baş direktoru, respublikamızın əməkdar məşqçisi Samir Həsənovun tədbirlə bağlı fikirlərini bölüşür:

“16 ildir bu sahədəyəm, ilk dəfə 2010-cu ildə Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yarış təşkil etdim. Həmin yarış böyük əks-səda doğurdu. Söz verdim ki, belə tədbirlərin müntəzəm keçirilməsi üçün əlimdən gələni edəcəyəm. Bü yarış da bu qəbildəndir. Əsas məqsəd gənclərimizin vətənpərvər ruhda böyüməsinə töhfə vermək, istedadlı uşaqlarımızın üzə çıxmasına yardım etmək, onların idmana olan marağını daha da artırmaqdır. Çox sağ olsun Yaşar müəllim, xeyirxah iş adamı olaraq bu cəhətdən həmişə klubumuza dəstək olub”.

Cənub Klubunun vitse-prezidenti Yaşar Ağaməmmədov da yarışla bağlı fikirlərini söyləyib:

“Şəhidlərimiz hamımız üçün əzizdir, müqəddəsdir. Onların qəhrəmanlığı Azərbaycanımızı bütövləşdirdi, millət-xalq olaraq başımızı uca etdilər. Azərbaycan adı dünyanın bütün qitələrində, bölgələrində fəxrlə səsləndi, bu adın qarşısında kainat baş əydi. Onların xatirəsini uca tutmaq, daim xatırlamaq bizim əbədi borcumuzdur”.

Yarışın təşkilində beynəlxalq dərəcəli hakim və məşqçi Tofiq Salmanovun, idman ustası Hakim Tağıyevin böyük rolu, əməyi olub.

Tədbirdə, eyni zamanda, şəhidlərimizin valideynləri, onların ailə üzvləri də iştirak ediblər. Şəhid Rasim Rufullayevin atası Yadigar Rufullayev, Elşən Sultanlının atası Nazim Sultanov, Arif Bağırovun əzizi Vasif Bağırov tədbirlə bağlı çıxış edərək təşkilatçılara minnətdarlıq ediblər, şəhidlərimizin xatirəsinə həsr olunmuş belə yarışların tez-tez baş tutmasını arzu ediblər.

Döyüşlər başa çatdıqdan sonra şəhidlərimizin yaxınları qalibləri mükafatlandırıb, onlara fəxri fərman və diplomlar təqdim ediblər.

Müəllif: Natiq NƏSİROV