20 Yanvar Şəhidlərinin Xatirəsinə Savate Assaut üzrə Açıq Turnir Keçirilib

18 yanvar 2026-cı il tarixində Bakı şəhərində, Ramana İdman Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Savate Assaut üzrə Açıq Turnir təşkil olunub.
Turnirdə Azərbaycanın müxtəlif bölgələrindən 150-yə yaxın idmançı iştirak edib. Tədbirdə rəsmi qonaqlar, Azərbaycan Savate Federasiyasının İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi, eləcə də şəhid ailələri və qazilər iştirak ediblər. Turnir şəhidlərin xatirəsinə dərin ehtiram ruhunda keçirilib.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra həm 20 Yanvar şəhidlərinin, həm də ərazi bütövlüyümüz uğrunda mübarizə aparan digər şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Savate Federasiyasının prezidenti Rafiq Əliyev çıxış edərək bu cür turnirlərin gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, sağlam həyat tərzinin təbliğində və Savate idman növünün ölkəmizdə inkişafında mühüm rol oynadığını vurğulayıb.
Turnirin qaydaları və təhlükəsizlik tədbirləri barədə Savate Assaut üzrə Hakimlər Kollegiyasının sədri Hikmət Xəlilov iştirakçılara ətraflı məlumat verib. Yarışlar beynəlxalq Savate Assaut qaydalarına uyğun və fair-play prinsipləri əsasında keçirilib.
Yarışların sonunda müxtəlif yaş və çəki dərəcələrində fərqlənən idmançılar medal və diplomlarla təltif olunublar. Mükafatlar Azərbaycan Savate Federasiyasının rəhbərliyi və rəsmi qonaqlar tərəfindən təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Savate Federasiyası ilin ilk beynəlxalq yarışında iştirak üçün 29 yanvar 2026-cı il tarixində Macarıstanın Budapeşt şəhərinə yola düşəcək. 31 yanvar tarixində keçiriləcək “Budapest Open” beynəlxalq turnirində federasiya 8 idmançı ilə ölkəmizi təmsil edəcək.

