RİNQƏ ÇIXAN BOKSÇULARIMIZIN HAMISI QALİB GƏLİBLƏR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Antalyada (Türkiyə) gənc boksçular arasında Avropa çempionatı davam edir.
Çempionatın 3-cü döyüş günündə daha 4 boksçumuz rinqə çıxıb və sevindirici haldır ki, onlardan hər biri rinqi qələbə ilə tərk etməyi bacarıb. H
İlk olaraq rinqə 56 kq çəki dərəcəsində döyüşən Orxan Həsənov çıxıb. Orxanın rəqibinin erməni Jirayr Sarqsyan olması döyüşü daha da prinsipial edirdi. Lakin bütün raundlarda üstünlüyü əlində saxlayan boksçumuz yekunda adını 1/4 finala yazdırıb.
Daha sonra rinqə 75 kq-da mübarizə aparan Amin Kuşxov çıxıb. Edqaras Korzenevskis (Latviya) boksçumuzla döyüşdə aciz olub və Amin 1/4 final mərhələsinə adlayıb.
Qələbələrin davamını Surət Qarayev (81 kq) gətirib. O avstriyalı rəqibi Veseli Kuştrimi məğlub edərək medalın bir addımlığına gəlib.
Uğurlu günə son nöqtəni superağır çəki dərəcəsində döyüşən Məhəmməd Abdullayev qoyub. O latviyalı Milans Volkovsu məğlub etməkdə çətinlik çəkməyib və mübarizəni 1/4 finalda davam etdirəcək.
Qeyd edək ki, 9 boksçu ilə çempionata qatılan yığmamzın heyətində yalnız bir nəfər mübarizəni dayandırıb. Qalan 8 boksçumuz mübarizəni davam etdirir. Sabah daha 1 boksçumuz - Həsən İbrahimov 49 kq çəki dərəcəsində rinqə çıxacaq. Onun rəqibi ukraynalı Nikita Dineyev olacaq.