"C Liqasına qayıdacağımıza inanıram": Ayxan Abbasov

ESTAFET/ Azərbaycan yığmasının əsas məqsədi UEFA Millətlər Liqasında C Liqasına qayıtmaqdır.

Bunu Azərbaycan seçməsinin baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib:

"Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram".

Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.

Müəllif: Natiq NƏSİROV