Avropanın ən yaxşı həvəskar qolfçuları “144 - A Question of Honour” turniri üçün ikinci dəfə Antalyada toplaşır

Türkiyənin Aralıq dənizi sahilində yerləşən turizm mərkəzi Antalya qlobal idman tədbirlərinin keçirildiyi əsas ünvanlardan biri kimi mövqeyini möhkəmləndirməkdə davam edir. 2025-ci ilin fevralında Belekdə baş tutan və 400-ə yaxın oyunçunun iştirak etdiyi Türkiyə debütündən sonra Avropanın ən böyük həvəskar qolf turnirlərindən biri olan “144 – A Question of Honour” bu il daha geniş tərkibdə yenidən Antalyaya qayıdıb.

4–8 fevral tarixlərində keçirilən və GoTürkiye brendinin ev sahibliyi etdiyi 2026-cı il buraxılışında 9 ölkədən 60 komandanı təmsil edən 500-dən çox qolfçu iştirak edib. Yarışlar regionun nüfuzlu meydançalarında – Carya Golf Club, Olympos Golf Course, Aspendos Golf Course, Faldo Golf Course və National Golf Courseda təşkil olunub.

Turnir 2016-cı ildə Almaniyanın Bad Griesbach şəhərində təsis edilib və qısa müddətdə Avropanın aparıcı həvəskar qolf yarışlarından birinə çevrilib. Hər il dörd fərqli ölkədə keçirilən turnir 20-dən çox ölkədən oyunçuları bir araya gətirir.

Komanda əsaslı “matchplay” formatında təşkil olunan yarış qolfun əsas dəyərləri – dürüstlük, hörmət və güclü icma ruhunu ön plana çıxarır. Çox vaxt “Həvəskarların Ryder Cupı” kimi xarakterizə edilən bu üç günlük turnirdə hər komandada səkkiz oyunçu və bir kapitan yer alır. Qaliblər fərdi və cütlük qarşılaşmalarının nəticələrinə əsasən müəyyənləşdirilir.

Antalyanın Belek bölgəsi əlverişli iqlimi və inkişaf etmiş infrastrukturu ilə seçilir. İldə təxminən 300 gün günəşli hava şəraiti regionda ilin on ayı ərzində qolf oynamaq imkanı yaradır.

Belekdə klassik üslublu meydançalarla yanaşı, dünya şöhrətli oyunçular tərəfindən dizayn edilmiş beynəlxalq standartlara cavab verən komplekslər də fəaliyyət göstərir. Bu amillər bölgəni “Turkish Airlines World Golf Cup”, “Turkish Airlines Challenge” və Turkish Airlines Open kimi nüfuzlu turnirlərin keçirilməsi üçün ideal məkana çevirir.

Bölgənin üstünlüklərindən biri də qolf meydançaları və hotellərin Antalya Airporta yaxın məsafədə yerləşməsidir. Bu isə beynəlxalq iştirakçılar üçün rahat gediş-gəlişi təmin edir. Müasir işıqlandırma sistemləri ilə təchiz olunmuş bəzi meydançalarda gecə qolfu da mümkündür.

Yüksək səviyyəli infrastruktur və geniş imkanlar sayəsində Belek bölgəsi ardıcıl olaraq dünyanın ən yaxşı qolf istiqamətləri sırasında yer almağa davam edir.

Müəllif: Bəhruz MƏMMƏDOV