YENİYETMƏ CÜDOÇULARDAN İLK GÜNƏ 4 MEDAL
ESTAFET/ Sloveniyanın Koper şəhərində cüdo üzrə yeniyetmələrin Avropa kuboku yarışına start verilib. Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, yeniyetmə cüdoçularımız 4 medal qazanıblar.
Qitə yarışında ölkəmizi təmsil edən Azər Məmmədov (50 kq) və Nəriman Mirzəyev (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Aqşin Baxşəliyev gümüş, Kamran Süleymanov (hər ikisi 50 kq) isə bürünc medal qazanıb.
İlk günün nəticəsinə görə Azərbaycan milli komandası ümumi medal hesabında 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlani, 77 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 oğlan cüdoçu ilə təmsil olunur.