"GÜMÜŞ VƏ BÜRÜNC BİZİM ÜÇÜN UĞURSUZLUQ OLARDI" - QƏDİR HÜSEYNOV
ESTAFET/ Şahmat üzrə komandalararası Avropa çempionatında özünün 3-cü çempionluğunu qazanan Azərbaycan yığmasının üzvü Qədir Hüseynov yarışsonrası fikirlərini bölüşüb.
"Avropa çempionatında reytinqimizə görə ikinci pillədə idik. Məqsədimiz həmişəki kimi çox yüksək idi. Avropa çempionu olmaq istəyirdik. Son 8 ildə Azərbaycan 3 dəfə Avropa çempionu olub, son 6 qitə çempionatında 5 dəfə medal qazanıb. Bu da onu göstərir ki, ölkəmizin komandası həmişə favoritlər sırasındadı. Bu dəfə də Azərbaycan çox gözəl oyun nümayiş etdirdi. Ermənistana qalib gəldik. Onlarla matç həmişə prinsipial keçir. Bunun səbəbini özümüz də başa düşürük. Erməniləri məğlub etdikdən sonra psixoloji baxımdan geri düşdülər və yarışı 12-ci yerdə bitirdilər. Bu da Ermənistan üçün çox uğursuz nəticə idi. Biz isə daha da yaxşı davam etdik. Rusiya üzərində də qələbə qazandıq və Ukrayna ilə heç-heçə Avropa çempionluğumuzu rəsmiləşdirdi".
Hüseynovun sözlərinə görə, Yunanıstanda qızıldan başqa mükafat onları qane etməyəcəkdi: "İstənilən əyarlı medal uğur sayılır. Amma gümüş və bürünc medal bizim üçün uğursuzluq olardı. Ona görə də qarşımıza məqsəd qoymuşduq ki, ya çempionluq, ya da heç nə. Hesab edirəm ki, belə fikirləşmək bizim xeyrimizə oldu. Demək olar ki, biz "va-bank"a getdik və hədəfimizə çatdıq".
Qeyd edək ki, Qədir Hüseynov yığmamızın qitə çempionatlarında qazandığı 5 mükafatın hər birində pay sahibi olub.
Mənbə: APASport