"ÜMİDVARAM Kİ, HƏR ŞEY YAXŞI ALINACAQ" - SAMİR ƏLƏKBƏROV

ESTAFET/ Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası AÇ-2019-un seçmə mərhələsi çərçivəsində qrupda ardıcıl olaraq, Almaniya və Kosovadan olan həmyaşıdları ilə Bakıda oyunlara çıxacaq. Yığma komandamızın baş məşqçisi Samir Ələkbərov dsport.az saytına qarşıdakı görüşlərlə bağlı müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq.  

 

Sabah U-21 yığmamız Almaniya ilə oynayacaq. Komandanı matça tam hazır hesab edirsiz?
Hazırlığımız həmişəki kimi Mərdəkanda keçir. Uşaqlar bir az gec qoşuldular yığmaya. Bu da onların oyunlarının olması ilə əlaqədar idi. Yalnız dünən bütün komanda ilə birlikdə olmuşuq. Bu gün isə oyunqabağı məşqimiz var. Hər şey demək olar ki, normaldı. Çalışırıq ki, Almaniya ilə oyunda layiqli oyun göstərək.

 

Yığma komandamızdan sürpriz nəticə gözləmək sadəlövlükdü, yoxsa bunu edə bilərsiz?
Sürpriz deyəndə ki, futbolda hər şey etmək olar. Təsadüfi heç nə yoxdu. Əlimizdən gələni edəcəyik. Meydanda işi görənlər isə futbolçularımızdı. Ümidvaram ki, onlar işinin öhdəsindən yaxşı gələcək.

 

Ramil Şeydayevin Almaniya ilə matçda yığmamıza kömək edəcəyi gözlənilsə də, zədə buna imkan vermədi. Bu xəbər sizin üçün üzücü oldu?
Biz onsuz da oyunumuzu təkcə Ramil Şeydayev üzərində qurmayacaqdıq. Çünki tək futbolçu meydanda heç nə edə bilməz. Sadəcə, Şeydayev bizə kömək etsəydi, əla olardı. Azərbaycan yığmalarının hər zaman ən böyük üstünlüyü topla oynamağıdı. Ancaq bizdə top qalmır. Bu mənada zəifik. Nədənsə bizdə bu alınmır.

 

Renat Dadaşov necə, onu oyuna hazır hesab edirsiz? Həvəslidi, yoxsa oynamaq istəyi görmürsüz onda?
Renat çox həvəslidi, oynamaq istəyir. Özü də bir məşqə çıxıb. Ancaq hələ onun əsas heyətdə meydana çıxıb-çıxmayacağı dəqiq bilinmir. Baxılacaq, qərar veriləcək. Sadəcə, həvəsi və oyunu ilə Renat seçilir. Özü də gələndən sonra uşaqlarla da dil tapa bilib, söhbət edir, əhval-ruhiyyə yaxşıdı.

 

Ancaq Renatın millimizə gəlmək istəmədiyi deyilirdi...
Düzünü desəm, bu barədə onunla söhbət etməmişəm. Yəni gəlib-gəlməmək məsələsi haqda heç xəbərim olmayıb. Sadəcə o, dedi ki, məsələ başqa cür olub. Demək, Almaniyada oyunu var imiş, həmin oyunu oynadıqdan sonra gəlmək istəyib. Sadəcə, onu başqa cür başa düşüblər. Yoxsa, o, özü də gəlib Azərbaycan yığmasına kömək olmaq istədiyini deyib.

 

Əhval-ruhiyyədən söz düşmüşkən, komandada səfərdəki 1:6 hesablı məğlubiyyətdən sonra özünəinamı azalmayıb ki?
Meydanda işi futbolçular görür. Kənarda isə məşqçilər iş görür. Aslan və Cahangir müəllimə minnətdaram ki, böyük iş gördülər. Komandanı psixoloji olaraq hazırlayıblar, gərginliyi aradan qaldıra biliblər. Həmin məğlubiyyəti uşaqlar unudublar.

 

Almaniya ilə oyundan sonra Kosovo ilə də görüş var. Həmin matç haqda düşünürsüz?
Hazırda bütün diqqətlər Almaniya ilə oyuna yönəlib. Heç Kosovo ilə oyunu düşünmürük.

 

Almaniya və Kosovo ilə görüşlərdə uğurlu nəticə və ya uğursuz nəticələr sizin millidəki taleyinizə necə təsir edəcək?
Məni onsuz da Almaniya və Kosovo ilə matçlar üçün yığmaya müvəqqəti baş məşqçi təyin ediblər. Yəni Almaniya ilə iki görüşdə və Kosovo ilə oyunda qalib gəlsəydik belə, millidəki taleyim bilinməyəcəkdi. Yəni yığmaya kim gələcək, kim gedəcək, hələ bilinmir. Ancaq təbii ki, yığmada qalıb işləmək istəyərəm. Kim istəməz ki bunu? Ümidvaram ki, hər şey yaxşı alınacaq.