"ELNUR KOMANDADAN QOVULSUN" - "FORZA NEFTÇİ"

ESTAFET/ Futbol üzrə 21 yaşadək yığmamızın və Bakı "Neftçi"sinin futbolçusu Elnur Cəfərovun Almaniyaya biabırçı (0:7) məğlubiyyətdın sonra bir sıra hərəkətləri azarkeşlər tərəfindən haqlı olaraq xoş qarşılanmırdı. Futbolçunun sosial şəbəkədə bir azarkeşi təhqir edərək "söhbətə" çağırması isə fanatların səbr kasasını daşırıb və klub qarşısında tələb irəli sürüblər.

 

Belə ki, Bakı klubunun sadiq "Forza Neftçi" azad azarkeş qrupu sosial şəbəkədəki səhifələri üzərindən bəyanat yayaraq futbolçunun komandadan qovulmasını tələb ediblər. Bəyanatı olduğu kimi çatdırırıq. 

 

""Forza Neftçi" olaraq klub rəhbərliyindən tələb edirik ki, Elnur Cəfərov komandadan qovulsun. Çıxıb üzr istəsə belə, komandamız 10 nəfərlə qalsa belə, biz onu "Neftçi"də görmək istəmirik. Əks halda, istər "Bakcell Arena"nı, istərsə də rəqib meydanını onun üçün cəhənnəmə çevirəcəyik!

Hörmətsiz Elnur Cəfərov, bu müraciətimiz sənədi. İstənilən bir insanı yüksəldən də, onu qəhrəman edən də, xalq artisti edən də, varlı, məşhur edən də, adam edib hörmətə mindirən də, bir sözlə, sevdirən də, nifrət etdirən də onun izləyicisi, tamaşaçısı olur, yəni XALQ! O xalq heç vaxt yanılmır, öz tərəzisində hər kəsə layiq olan rəqəmi göstərir. Bu rəqəm isə onsuz da səndə Almaniya (0:7) ilə oyundan sonra sıfıra yaxınlaşmışdı. İndi isə mənfiyə düşmüsən artıq. Sənə azarkeşin nə demək olduğunu futbol məktəbində öyrətməli idilər. Bəlkə də öyrədiblər, amma sən həmin dərsdə bahalı maşın, pul, şan-şöhrət, gələcəkdə böyüyüb necə "oğlan yandırmaq" xəyallarına dalmışdın. Təəssüf ki, bu dərsin məzmununu sənə "Forza" keçəcək.

 

1-ci tapşırığımız odu ki, bizim haqqımızda məlumat al, hansı klubda oynadığını, hansı qrupla üz-üzə durduğunu bir də düşün. Azarkeşin nə olduğunu müəyyən qədər bilmiş olacaqsan. "Forza Neftçi" olaraq istənilən klubun azarkeşinə edilmiş hörmətsizliyin qarşılığında heç vaxt susmayacağıq. Sən hansı yaşına, hansı əməllərinə görə belə yekə danışıb, azarkeşi təhqir edirsən?! Bəxtin onda gətirib ki, bu qədər biabırçı məğlubiyyətlərdən sonra səndən hesab istəyən azarkeşlərin qarşısında başıaşağı dayanmırsan.

 

2-ci tapşırığımız praktiki olacaq. Əlbəttə ki, cürət edib "Qəbələ" ilə oyunda meydana çıxsan, səni də Katalin Tiranın aqibəti gözləyir. Sənin kimi harınlayıb azarkeşi təhqir edən "futbolçu" o böyük "Neftçi" formasına yaraşmır. Bizim millətin, bizim azarkeşin xarakteri var. Odu ki, sən istər Ronaldo ol, istər Elnur. Qanacağın olmayandan sonra oynadığın oyun da özünə qalsın.

 

Bəli, biz xaricdə deyilik, burdayıq. "Forza"nın məkanı hər kəsə bəllidi. Nə sözün olsa, yaza bilərsən. Oğlan yandırmaq, söndürmək, sındırmaq, hörmət, tərbiyə, paxıllıq, sevgi, kriminal və s. nə mövzuda istəsən, bu azarkeş sənə dərs keçə bilər. Bu səhvin bağışlanmayacaq".