VOLEYBOLÇULARIMIZ RƏQİB OLDULAR: SULTANLAR LİQASI
ESTAFET/ Voleybol üzrə qadınlar arasında Türkiyə çempionatında (Sultanlar Liqası) 8-ci turun oyunları keçirilib.
Millimizin hücumçusu Polina Rəhimova çıxış etdiyi "Fənərbaxça" bu tur əzəli və güclü rəqiblərindən biri olan "Eczacıbaşı" ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən qarşılaşmanı Polinanın komandası tay-brekdə qələbə ilə başa vurub - 3:2. Yalnız son setdə oynamaq imkanı qazanan voleybolçumuz demək olar ki, qələbənin memarı olub. Belə ki, 11 xal qazanan Polina komandaya qələbə qazandırıb.
Yığmamızın kapitanı Odina Bayramovanın şərəfini qoruduğu "Seramiksan" "İlbank" üzərində inamlı - 3:0 hesablı qələbə qazanıb. Bayramova isə aktivinə 6 xal yazdırıb.
Millimizin hücumçusu Yana Kulanın heyətində oynadığı "Beylikdüzü" komandası digər voleybolçumuz Marqarita Əzizovanın "Beşiktaş"ı ilə qarşılaşıb və məğlub olub - 2:3. Son turlar Türkiyədəki təmsilçilərimiz arasında ən məhsuldar olan Kulan bu oyunda xal qazana bilməyib. Əzizova isə 2 xalla kifayətlənib.
8 turdan sonra "Fənərbaxça" turnir cədvəlinin lideridir. "Beşiktaş" 6-cı, "Seramiksan" 7-ci, "Bəylikdüzü" isə 10-cu pillədə qərarlaşıb.