Bakı Şəhər Halqasında tikinti-quraşdırma işlərinə başlandı

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin ətrafına təhlükəsizlik baryerlərini quraşdırmağa başlayır.


Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırmaq istəyir ki, bu həftədən başlayaraq Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissəsinə baryerlər quraşdırılacaq. Sürücülərdən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobilləri saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.


Yarışla əlaqədar aparılan tikinti-quraşdırma işlərinin əsasən iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ martın sonunadək davam edəcək və bu mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri aparılmaqla yanaşı trek boyunca təhlükəsizlik baryerlərinin əksəriyyəti də quraşdırılacaq. Həmçinin martın əvvəllərində trek ətrafında tribunalar və digər müvəqqəti tikililərin inşasına başlanacaq. 

 

İkinci mərhələ martın sonundan yarış həftəsinədək davam edəcək və bu mərhələdə avtomobil yolları açıq saxlanılmaqla trekin qalan hissələrinə təhlükəsizlik baryerləri quraşdırılacaq, trek ətrafında digər müvəqqəti obyektlərin quraşdırılması davam etdiriləcək və trek yarışa tam hazır vəziyyətə gətiriləcək.