"Qəbələ"nin qış planları
ESTAFET/ "Qəbələ"nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. "Qırmızı-qaralar" mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq. Komandamızın qonşu ölkədəki hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ 2018-ci il yanvarın 5-dən 17-dək davam edəcək. "Qəbələ" bu müddətdə üç yoxlama oyunu keçirəcək. Baş məşqçi Roman Qriqorçukun yetirmələri yanvarın 10-da Türkiyənin "Akhisar Bələdiyyəspor" ilə, 17-də isə İsveçrə təmsilçisi "Sürix"lə qarşılaşacaq. Daha bir matç ayın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib.
Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. "Qırmızı-qaralar"ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə "Qəbələ" daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın "Rabotniçki", 27-də Rusiyanın "Arsenal" (Tula), 31-də Çexiyanın "Bohemians" klubu ilə görüşəcək komandamız fevralın 3-də Makedoniya "Şkendiya"sı ilə qarşılaşmada qüvvəsinə sınayacaq.