Rauf, sən hara və necə getdiyini bilmirdin?

ESTAFET/ Futbolumuzda mövcud olan qəribəliklərin dərdini tapıb bir çarə edə bilmirik (daha doğrusu dərd də bəllidi, carə də, sadəcə "həkimlər" peşəkar deyil), bir tərəfdən də futbolçularımız öz qəribəlikləri ilə bizi mat qoyur. Günün müzakirə olunan mövzularından biri futbolçumuz Rauf Əliyevin yenicə legioner həyatı yaşamağa başladığı Albaniyanın "Kukesi" komandasından ayrılıb vətənə dönməsidi. Ay Maşallah, dönüşün mübarək!!! Vallah adam bilmir nə desin, nə etsin - tənqid etsin, təhqir etsin, təqrir etsin! Çünki, heç birinin xeyri olmur.

 

Bu məsələdə o qədər nüans var ki, adam fikirləşib başını ağrıtmaq istəmir, amma məcbursan! Məsələnin hüquqi tərəfi haqda həmkarlar kifayət qədər yazıblar. Tragikomik olan nədir? Azərbaycanda az-çox ortabab səviyyəli futbolçulardan biri olan Rauf Əliyevə jurnalist FIFA reqlamenti haqda (2-3 klub söhbəti) məlumat xarakterli sualı verərkən futbolçunun bunu bilmədiyini deməsi. Bəli, haqlı olaraq çoxumuz günahı bu uşağı "İnter"dən (indiki "Keşlə") o cür qalmaqallı şəkildə ayırıb legioner etmək istəyən "menecerfason(lar)da" görürük. Amma, mənə daha çox məsələnin mənəvi tərəfi maraqlıdır - çünki, digər məsələni böyük ehtimal hansısa yolla həll edəcəklər. Rauf, axı sən hara və necə getdiyini gözəl bilirdin. İndi biz sənin belə atlana-atlana geri dönüşünə nə ad verək? Sən axı guya peşəkar futbolçusan, necə ola bilər ki, həvəskar futbolçunun belə bilməyə məcbur olduğu qaydadan xəbərin olmasın və düşünmədən, daşınmadan addım atasan? Kim sənin peşəkarlığına inanıb əməkdaşlıq etmək istəyər? Məşğul olduğu işin əlifbasını bilməyənlə əməkdaşlıq bir tərəfə, onun müzakirəsi belə absurddu!

 

Çox güman ki, Rauf da alışdığımız bəhanəni əsas gətirəcək. Hələ ki, "indi geniş danışa bilməyəcəm"lə kifayətlənir. Bəlkə də bizim bilmədiyimiz çox ciddi bir səbəbi var, amma heç ehtimal vermirəm. Bizim futbolçuların bu "uyğunlaşma" bəhanəsini eşidəndə isə gülməkdən başqa çarəm qalmır. Elə bil ki, daim müasir standartlara cavab verən bazada məşq keçib, hər həftə ot örtüklü stadionlarda yüksək səviyyəlli rəqiblərlə qarşılaşan birisi gedib Monqolustan səhrasına və uyğunlaşa bilmir. Ayıbdı e! Avropadan gəlib bizdə belə oynayan futbolçular uyğunlaşır, bunlar Avropaya gedib uyğunlaşa bilmir. Necə olur ki, gürcülər, ermənilər, özbəklər, latışlar və digərləri hər yerdə uyğunlaşır, arxalarıyca həmvətənlərinə cığır açırlar, amma bizimkilər guya ev üçün, ata üçün, dost üçün və kiminçünsə darıxır! Məncə bu ən ücüz, ən axırıncı bəhanədi! Deyin ki, biz peşəkar deyilik və bu üzdən də getdiyimiz yerlərdə peşəkar yanaşmaya tab gətirə bilmirik. Bizim üçün ölkənin, ölkə futbolunun imici vacib deyil. Bu qədər sadə. Bunun üçün sizə gül(kəl)lə atan olmayacaq ki!

 

P.S. Yazmaq istəyirdim ki, futbolçularımızın maarifləndirilməsinə xüsusi onəm verilməlidi, amma yadıma uzun illər öncə təklif olunan bir məsələ düşdü. Məsləhət edirdilər ki, yığma komandaya, klublara psixoloq gətirilsin. Jurnalist gedib futbolçulardan münasibət öyrənmək istəyəndə, futbolçular başlayıblar bir-birini ələ salmağa ki, bəs sən dəlisən, ona görə psixoloq gəlir bizi yoxlamağa. Aralarında psixoloqun kim olduğunu bilən biri olmayıb. İndi deyilsə ki, həftədə heç olmasa 1 dəfə 1 saatlıq maarifləndirmə saatı (ümumi dünyagörüşü daxil) ayrılsın, təsəvvür edə bilmirəm ki, o zaman bir-birilərinə nə deyəcəklər. Ona görə də, əgər özün öz peşənə peşəkar yanaşmırsansa, bunun üçün ən azı cəhd etmirsənsə, kim gəlsə xeyri yoxdu.

 

Natiq   NƏSİROV

nnasirov@estafet.az