Raufla Qədir Şəhriyardan öndə
ESTAFET/ Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində sürətli şahmat (rapid və blits) üzrə şəxsi Dünya çempionatı keçirilir. Artıq yarışların rapid növü üzrə mübarizə yekunlaşıb. Yarış Azərbaycan şahmatçıları üçün uğurlu alınmayıb.
Kişilərin mübarizəsində təmsilçilərimizdən ən yaxşı nəticəni Rauf Məmmədov və Qədir Hüseynov göstərib. Hər ikisi 15 görüşdən 10 xal toplamaqla müvafiq olaraq, 8-ci və 9-cu yerlərdə qərarlaşıblar. Onlar mükafatçılardan 0,5 xal geri qalıblar.
Digər şahmatçılarımızdan Şəhriyar Məmmədyarov 23-cü, Eltac Səfərli 24-cü (hər ikisi 9 xal), Rəsul İbrahimov 94-cü (7), Arkadi Naydiç 101-ci (6,5) olublar. Turnirin qalibi adını isə 10,5 xalla 48 yaşlı keçmiş Dünya çempionu hind Vişvanatan Anand qazanıb. Onunla eyni xal toplayan ruslar - Vladimir Fedoseyev və Yan Nepomnyaşnıy gümüş və bürünc medalları qazanıblar.
Qadınların mübarizəsində isə şahmatçılarımızdan Ülviyyə Fətəliyeva ən yaxşı nəticəni göstərib. O, 10 xalla 4-8-ci yerləri bölüşüb. Əlavə əmsallara görə isə 7-ci olub. Türkan Məmmədyarova 9 xalla 16-cı, Gülnar Məmmədova 8 xalla 36-cı, Zeynəb Məmmədyarova 7 xalla 63-cü və Günay Məmmədzadə 6,5 xalla 77-ci yeri tutub.