Şəhriyar mükafatsız qaldı, qalib tay-brekdə müəyyənləşdi: Tata Steel Chess 2018
ESTAFET/ Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" turniri başa çatacaq. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.
Bu gün turnirdə sonuncu - XIII turun oyunları oynanılır.
Şəhriyar son turda keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anandla ağ fiqurlarla oynayırdı. 66 gedişin yekununda tərəflər sülhə razılaşıblar. Vladimir Kramnik isə qələbə qazanmaqla Şəhriyarla eyni xala malik olub və əlavə göstəricilərə görə təmsilçimizi qabaqlayaraq tirnirin bürünc mükafatına sahib olub. Şəhriyar isə ötən tur lazımsız heç-heçə etməklə (12-ci gedişdə artıq bərabərliyə razılaşmışdı) qalib ola biləcəyi yarışda mükafatsız qaldı.
Turnirdə 9 xalla ilk 2 pillədə qərarlaşan Karlsenlə Giri arasında qalib adı uğrunda tay-brek oynanılıb. Daha sürətli düşünən Dünya çempionu meydan sahibinə şans verməyib və 1,5:0,5 hesablı qələbə ilə 6-cı dəfə Veyk-an-Zee superturnirinin qalibi olub.
Qeyd edək, turnirin 80 illik tarixi ərzində ilk dəfə qalib tay-brekdə müəyyənləşib.
Veyk-an-Zee, Hollandiya
Tata Steel Chess 2018
XIII Tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) - Vişvanatan Anand (Hindistan, 2767) 0,5:0,5
Fabiano Karuana (ABŞ, 2811) - Pyotr Svidler (Rusiya, 2768) 0,5:0,5
Yi Vey (Çin, 2743) - Aniş Giri (Hollandiya, 2752) 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2753) - Maqnus Karlsen (Norveç, 2834) 0,5:0,5
Uesli So (ABŞ, 2792) - Yifan Hou (Çin, 2680) 1:0
Başikaran Adiban (Hindistan, 2655) - Vladimir Kramnik (Rusiya, 2797) 0:1
Maksim Matlakov (Rusiya, 2718) - Cons (İngiltərə, 2640) 0,5:0,5
13 turdan sonra yekun turnir cədvəli: 1-2. Karlsen, Giri - 9 xal, 3-4. Kramnik, Məmmədyarova - 8,5 xal, 5-6. Anand, So - 8 xal, 7. Karyakin - 7,5 xal, 8. Svidler - 6 xal, 9. Yi Vey - 5,5 xal, 10-12. Matlakov, Cons, Karuana - 5 xal, 13. Adiban - 3,5 xal, 14. Yifan Hou - 2,5 xal.