RİO-2016: İLK QIZILIMIZ RADİKDƏN GƏLDİ

ESTAFET/ Bu gün Rioda taekvondo yarışlarında son gündür. Son gün dayanq üzərinə ağır çəkidəki taekvondoçumuz, Avropa və Dünya çempionu Radik İsayev çıxıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Radik Qazaxstan idmançısı Ruslan Japarovu məğlub edərək növbəti mərhələyə keçməkdə o qədər də çətinlik çəkməyib. Görüş boyu daha fəal olan təmsilçimiz bunu xal fərqində də nümayiş etdirib - 11:2.
1/4 finalda Pekin Olimpiadasının qalibi, taekvondonun vətəni sayılan Koreya təmsilçisi ilə qarşılaşan Radik görüşboyu düşünülmüş taktikası ilə seçilib. Bunun nəticəsində də 12-8 hesablı qələbə ilə yarımfinala adlayıb.
Yarımfinalda britaniyalı taekvondoçu Mahama Ço ilə döyüşdə hesabda geridə olsa da, ilk görüşündən qurduğu ağıllı taktika sayəsində hesabda irəli keçməyi bacarıb və finala vəsiqə qazanıb.
Finalda rəqib Niger təmsilçisi Abdulrazak İssufu olub. Görüşə təmkinlə başlayan Radik ilk hissəni kəşfiyyat xarakterli keçirdi. Daha sonra hər hissədə 3 xallıq zərbələrlə 6-0 önə keçən idmançımız sonadək üstünlüyünü qoruyub və yekunda 6-2 hesablı qələbə ilə olimpiya yığmamıza ilk qızıl medalı qazandırıb.
Bununla da Radik Patimatın taekvondo yarışlarının başladığı gün gerçəkləşdirdiyi ilki daha da yenilədi. Belə ki, Azərbaycan Patimatın qazandığı bürünc medalla bu növdə Olimpiadalarda ilk mükafatını qazanmışdı. Radik isə ilk finalçı və çempion olaraq bir ilk gerçəkləşdirdi - Azərbaycanda taekvondo üzrə ilk Olimpiya çempionu.
