Növbə 15 yaşlı yeniyetmələrindi

ESTAFET/ "Sərhədçi" Olimpiya İdman Mərkəzində 13 yaşlıların ardınca, 15 yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi start verilib.

 

Yarışda 46 klubdan 529 cüdoçu mübarizə aparır. Qızlar və oğlanlar arasında baş tutan birinciliyin ilk günü bir neçə çəki dərəcəsində qaliblər məlum olub.

 

Qızların yarışında bütün mükafatçılar müəyyənləşib. Belə ki, Aydan Vəliyeva (32 kq), Ruslana Xəlilova (36 kq), Rəmziyyə Hüseynova (40 kq), Lətifə Abbasova (44 kq), Ulya Məmmədova (48 kq), Aysu Həsənova (52 kq), Aysun Rəhimova (57 kq), Emiliya Mirzəyeva (63 kq) və Qönçə Cəfərli (+63 kq) paytaxt çempionu adını qazanıblar.

 

Oğlanlarda isə ilk yarış günü 3 çəki dərəcəsində qaliblər müəyyən olub. Rza Yusufov (34 kq), Fariz Allahverdiyev (42 kq) və Vüsal Qələndərzadə (50 kq) yarışın qalibi olublar.

 

Qaliblərə Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları, medallar təqdim olunub. Paytaxt birinciliyinə sabah yekun vurulacaq. 

Müəllif: Orxan NOVRUZOV