Badmintonçularımız qitə birinciliyinə yollanıb

ESTAFET/ 13-18 fevral tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək badminton üzrə Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət milli komandamız qitə çempionatı öncəsi Bakıda son məşqlərini yekunlaşdırıb. Komanda artıq Avropa çempionatının keçiriləcəyi Kazan şəhərinə yola düşüb.

 

Üçüncü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ukraynalı məşqçi Yevgeni Poçtaryovun rəhbərliyi altında turnirdə millimizin heyətində Kənan Rzayev, Orxan Qələndərov, Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Ezmi Qovimuramadhoni və Edi Rezki Dviçayo iştirak edəcəklər. Çempionatın reqlamentinə əsasən, komandalar yeddi qrupda mübarizə aparacaqlar. Qrup qalibləri ilə yanaşı, ən yaxşı qrup ikincisi pley-off mərhələsinə vəsiqə qazanacaq. Komandamız ilk oyununu fevralın 13-də Lüksemburq yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. 

Müəllif: Natiq NƏSİROV