Milli komanda Dubaya yollandı

ESTAFET/ Milli komandanın əsas və əvəzedici heyəti 16-18 fevral tarixlərində Dubayda mötəbər Karate1 Premyer Liqa turnirində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, baş məşqçi Şahin Xudaverdiyev (kumite), baş məşçqi Vahid Ayvazov (kata), böyük məşqçi Qurban Tağıyev, beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov, o cümlədən 20 idmançı var.

 

Milli komandanın əsas və əvəzedici üzvlərindən kumite yarışlarında Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə və Rafiz Həsənov (üçü də 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (üçü də 84kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (üçü də +84kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (+67 kq) mübarzə aparacaq.

 

Roman Heydərov fərdi kata üzrə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyev isə ilk dəfə olaraq Karate1 Premyer Liqa turnirinin komanda kata yarışında çıxış edəcək. 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılacaq. 

Müəllif: Natiq NƏSİROV