Formula 1-də test yürüşlərinə start verilir

ESTAFET/ Sabah Barselonada mövsümöncəsi ilk testlər start götürəcək. Dörd gün davam edəcək testlər martın 1-də başa çatacaq.

 

Komandaların əksəriyyəti sürücülərin iş qrafikini rəsmən təsdiqləsələr də, qarşıdakı günlərdə müəyyən dəyişikliklərin olma ehtimalı var. Barselonada proqnozlar yağış vəd edir və bu, yeni yağış təkərlərinin sınaqdan keçirilməsi üçün yaxşı imkan yaradır.

 

Sabah səhər tezdən testlərdən əvvəl Force İndia və Toro Rosso komandaları yeni maşınlarını təqdim edəcəklər. 

 

Williams və Renault komandaları hər bir test gününü sürücülər arasında bərabər bölüblər, yəni nahara qədər bir sürücü, nahardan sonra isə digər sürücü sükan arxasında işləyəcək. Yalnız ilk günün proqramını açıqlayan Mercedes komandasının da keçən il olduğu kimi, bu il də belə addım atacağı demək olar ki, məlumdur. Williams və Force İndia komandaları ehtiyat sürücülərin köməyindən də istifadə edəcəklər.

 

Bir daha xatırladaq ki, testlər hər gün səhər yerli vaxtla saat 9:00-da başlayacaq və 18:00-da başa çatacaq, günorta hamı birsaatlıq fasiləyə ayrılacaq. Test günlərində yağıntı ehtimalı yüksəkdir. Lakin bu baş verməsə, testlərin son günü yağış təkərlərin yoxlanması üçün tras süni sulanacaq. 

Müəllif: Natiq NƏSİROV