"Qarşıya qoyulan məqsədə tam nail olduq": Nigar Arpadarai

ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti ilə Avtomobil federasiyasının birgə təşkilatçılığı ilə “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula1 çempionatına yekun vuruldu. Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvarda keçirilən final mərhələsində Quba rayonu təmsilçisi, şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov ilk dəfə keçirilən çempionatın qalibi adını qazanıb. 

 

Finaldan sonra BŞH Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib:

 

“İlk dəfədir ki, belə bir layihə keçirirdik. Regionlarda bu çempionata gözlədiyimizdən daha böyük maraqla qarşılaşdıq. Yuxarı sinif şagirdləri böyük həvəslə seminar və yarışlarda iştirak etdilər, həm maarifləndilər, həm də əyləndilər.

 

Region sakinləri də bu həyəcana qoşuldular, Formula1 haqqında ətraflı məlumat əldə etməyə çalışdılar. Bir sözlə, çempionat yüksək səviyyədə reallaşdı və deyə bilərəm ki, bu layihə ilə biz qarşıya qoyduğumuz məqsədə tam nail olduq”.

 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən Formula1 simulyator çempionatı fevralın 19-dan martın 19-dək davam edib. Çempionatda 6 regionun - Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın şəhər məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.

 

Ümumilikdə 1200-dək məktəbli həm AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi qaydalarına dair verilən seminarlara qatılıb, həm də yarışda mübarizə aparıb. Bununla yanaşı, region sakinləri simulyatorda Bakı Şəhər Halqasında F1 bolidi sürmək imkanına sahib olublar.

Müəllif: Natiq NƏSİROV