Antalyada ilk gün uğursuz başladı

ESTAFET/ Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində cüdo üzrə növbəti Qran Pri turniri keçirilir. Azərbaycan millisi Qran Priyə əvvəlcədən nəzərdə tutulduğu kimi 13 deyil, 10 cüdoçu ilə qatılıb. Turnirdə yarışların ilk günü cüdoçularımız üçün uğursuz başlayıb. Belə ki, ilk gün tatamiyə çıxan 5 cüdoçumuzdan heç biri mükafatçılar sırasında yer ala bilməyib.

 

60 kq çəki dərəcəsində mübarizə aparan Mehman Sadıqov rus Yaqo Abuladzeyə, Tofiq Məmmədov israilli Daniel Ben Davidə ilk görüşlərindən məğlub olaraq mübarizəni dayandırıblar. 

 

Qadınların mübarizəsində millimiz 3 cüdoçu ilə təmsil olunurdu ki, onların hər üçü bu gün tatamiyə çıxıb. Onlardan yalnız biri - 48 kq çəki dərəcəsində yarışan Bazarraqça Erdenebat bir qələbə ilə yadda qalıb. O, ilk görüşündə qazax cüdoçu Akmaral Nauatbekə qalib gəlib. Lakin növbəti görüşdə sloveniyalı Marusa Stanqara məğlub olan legioner təmsilçimiz təsəlli görüşündə də braziliyalı Sara Menesesə məğlub olub.

 

Leyla Əliyeva (48 kq) və Buyanxişiq Purevsuren (52 kq) isə ilk görüşlərindən müvafiq olaraq Gülkader Şentürk (Türkiyə) və Qefen Primoya (İsrail) məğlub olaraq mübarizəni dayandırıblar. 

Müəllif: Natiq NƏSİROV