Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

ESTAFET/ Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin görülməsi səbəbindən trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, aprelin 7-nə keçən gecə Azneft dairəsində tribunanın tikintisi ilə əlaqədar kiçik radiuslu dairə quraşdırılacaq. Burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.

 

Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar aprelin 8-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.

 

Həmçinin, aprelin 9-da gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

 

Bundan başqa, aprelin 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.

 

Xatırladaq ki, Azərbaycan Qran-prisi 27-29 aprel tarixlərində keçiriləcək.

Müəllif: Natiq NƏSİROV