"İndi qadın da öz həyat yoldaşı ilə pulsuz yaxınlıq etmir": Yuri Maksimov

ESTAFET/ “Qalib gəlmək istəyirdik. Çünki son oyunlarda biz qələbə qazana bilmirdik, "Sumqayıt" isə məğlub olmurdu. Futbolçulara təşəkkür edirəm. Onların müqavilə müddəti bitir. Oyunçuları kökləmək çətin idi". Bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında bildirib.  

 

Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablayıb. 

 

- "Sumqayıt" çoxdan idi uduzmurdu. Sizə elə gəlmir ki, bu gün qələbə qazanmaqla arının yuvasına çöp soxdunuz?

- Düzü, onlar uduzmurdu, biz də qələbə qazana bilmirdik. Rəqibin kimliyinin fərqi yox idi. Qələbə qazanmaq istəyirdik.

 

- Bu gün qələbə qazansanız da, sanki yenə nədənsə narahatsınız...

- Sadəcə, ilk oyun idi. Qarşıda hələ matçımız var.

 

- Klub prezidenti Zaur Axundov paltardəyişmə otağına gəlib, sizi təbrik etdimi?

- Xeyr, hələ gəlməyib.

 

- İkinci hissədə bir qədər ehtiyatlı oynadınız. Bu, nədən irəli gəldi?

- 90 dəqiqə ərzində pressinq etmək çox çətindi. Bu baxımdan oyunçulara tapşırıqlar verirdim. Burda ustalıq məsələsi var idi. Bəzi oyunçularda özünəinam yox idi.

 

- "Sumqayıt"la qarşıdakı çempionat matçına barmaqarası yanaşacağınızı gözləmək olarmı?

- "Sumqayıt"ın həm çempionatda, həm də kubokda şansı var. Bizim isə yalnız kubokda iddiamız qalıb. Təbii ki, çempionat oyununda da yaxşı çıxış edək. Oyunçularımızda problemlər var. Slavik zədələndi, Denis Silvada ağrılar var. Ola bilsin ki, bəzi futbolçulara istirahət verdik. Bir çox futbolçunun müqaviləsinin bitməsinin də rolu var. Anlaşmalarının sonuna bir ay vaxt qalıb, gələcəyi düşünürlər. Belədə onları motivasiya etmək çətindi.

 

- Həmçinin sizin də müqavilə müddətiniz yayda bitəcək. Komanda avrokuboka vəsiqə qazanmasa, qalmacaqsız?

- Komanda Avroliqaya vəsiqə qazansa belə, burda qalmayacam. Çünki rəhbərlik özü də bilmir ki, büdcə necə olacaq. Təkcə bu rol oynamır. Bilirsiniz, indi hətta qadın da öz həyat yoldaşı ilə pulsuz yaxınlıq etmir. Sabahı bilmək olmur. Futbolçu düşünür ki, sabah zədələnərəm, bir aydan sonra hansısa kluba keçməkdə problem yaranar. 

Müəllif: Natiq NƏSİROV