"Söyüş söymədim ki, haqqımı tələb etdim": Samir Abbasov
ESTAFET/ “Kubok iki oyundan ibarətdi. İlk görüşdə uduzmağımız bəlkə də, xeyrimizə idi. Çoxdandı uduzmurduq, "havalarda" idik. Hara baxırdın "Sumqayıt" deyirdi. Bu gün biabırçı oyun oldu. Belə oynasaq, finala "Keşlə" getməlidi. Uçurduq, göydə idik, yaxşı ki, rəqib bizi yerə saldı. Təəssüf ki, heç nə edə bilmədik. Bəlkə də, əsas oyunçularımızın yoxluğunun nəticəsi idi. Ola bilsin, öz oyunumuzdan başqa cür çıxış etdik. Amma bu, bəhanə olmamalıdı. Avroliqaya layiq olan komanda getməlidi". Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Keşlə" ilə ilk oyundan sonra deyib.
"Gənclik şəhəri" təmsilçisi Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk matçında "Keşlə"yə səfərdə minimal hesabla (0:1) uduzduğu görüşdə Abbasov oyunun sonlarına yaxın texniki zonadan uzaqlaşdırılmışdı.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Sanki komandada yorğunluq var idi...
- Yetərincə vaxtımız oldu. Məşqçilər korpusu eyni qaydada bərpa təlimatını verdi. Hansısa oyunçu "havadadısa", "ulduzdusa", hazırlaşmırsa, çətin məsələdi. Başımız daşa dəydi.
- Artıq ikinci dəfədi texniki zonadan qovulursuz. Düşünmürsüz ki, bu, sizin xeyrinizədi?
- Bilirdik ki, rəqibin 6-7 oyunçusu sarı vərəqə limitində idi. Çox güman bunu referiyə də demişdilər. Biz qırmızı yox, sarı vərəqə istəyirdik. Dedim ki, niyə vərəqə vermirsiniz. Söyüş söymədim ki, haqqımı tələb etdim. Buna görə texniki zonadan qovmazlar. Elə bil tapşırıqla gəlmişdiilər ki, ya məni, ya da Seymuru qovsunlar.
- Tapşırığı kim verir?
- Yəqin “yuxarı”dan verirlər. Deyirlər ki, səsinizi kəsin, oturun. Amma danışmalı, oyunçularımızın üstünə qışqırmalıyıq.
- Fərhad Vəliyevə daha neçə il şans verəcəksiniz?
- Mövsüm bitənə qədər.
- Sanki komandada emosionallıq artıb...
- Yüksək yerlər uğrunda mübarizə aparırıq. Sakit dayanmağımı kimsə istəyirsə, bilsin ki, ömür boyu belə olmayacaq. Ordan uzaqlaşdırılmağım mənim yox, referinin səhvi idi. Rəqibin 2-3 oyunçusu "sarı"ya layiq idi. Rəqibin baş məşqçisi də qışqırırdı. Gələn dəfə bəlkə mən də rus dilində qışqırdım.
- Qarşıda çempionatda da "Keşlə" ilə qarşılaşacaqsınız. Gücünüzü qoruyacaqsınız?
- Xeyr. Xal fərqi böyük deyil. Başımıza daş dəydi, bəlkə də, sakitləşərik. Qarşıdakı hər iki oyuna tam heyətlə çıxmaq istəyirik.
- Bəlkə başqa klublardan gələn təkliflər oyunçuların fikrini yayındırır?
- Saytlara baxırsan, hamı yazır ki, təkliflər var. Onlarda eyforiya yarana bilər.