BŞH dünya ulduzları ilə görüş üçün müsabiqə elan edib

ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1-ə bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüş imkanı verən müsabiqə keçirir. Qaliblər aprelin 27-də Jamiroquai qrupunun solisti Jay Kay, bir gün sonra Kristina Aguilera ilə üz-üzə görüşmək imkanı qazanacaqlar. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə bilərlər.

 

Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı Instagram və ya Twitter-də həmin ulduza dair haştaqla paylaşmalı və həmçinin @bakucitycircuit hesabını bu paylaşımda işarələməlidir.

 

Jay Kay ilə görüşmək istəyənlər #MeetJK, Christina Aguilera ilə görüşmək istəyənlər isə #MeetXtina haştaqından istifadə etməlidirlər. Qaliblər BŞH-nin rəsmi vebsaytında (www.bakucitycircuit.com) aparılan səsvermə ilə müəyyənləşdiriləcək. Aprelin 20-dək davam edəcək səsvermə hamı üçün açıqdır. Gün ərzində hər bir şəxs yalnız 1 dəfə səs verə bilər. 

Müəllif: Natiq NƏSİROV