“Yeni Yunis Hüseynov gəlməyəcək”: Yunis Hüseynov

ESTAFET/ “Qarabağ”ı təbrik edirəm. Mübarizə apardıq. Rəqib güclü, top saxlayan komandadı. Düzdü, bunlar şablon sözlərdi. Ancaq reallıqdı. Xal qazanmaq istəyirdik, amma alınmadı. Komandamdan razı qaldım. İmkanlarımız oldu, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik”. Bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XXIII turunda doğma meydanda “Qarabağ”a məğlub olduqları oyundan sonra deyib.

 

Daha sonra Hüseynov jurnalistlərin suallarını cavablandırıb. 

 

- Dieqonu sonradan meydana buraxdız, lakin tezliklə əvəzlədiz...

- Onu oyuna buraxdım ki, meydanın mərkəzində top saxlasın. Fikirləşdim təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə, tez əvəzlədim.

 

- Düşünmürsüz ki, bu, futbolçuya təsir edə bilər?

- Ola bilər. Lakin futbolçu meydançada ona olan etimadı doğrultmadı. Əgər ona şans verilibsə, bu şansdan yararlanmalıdı. Ona görə də, ilk növbədə o bu haqda düşünməlidi. 

 

- Hər iki komandanın məşqçilər korpusunda Azərbaycanın vaxtilə güclü futbolçuları olmuş mütəxəssislər qərarlaşıb. Bu oyunçular komandasını arxasınca apara bilən futbolçular idi. Lakin bu gün ölkə futbolunda bu cür oyunçular yoxdu. Sizcə, bunun səbəbi nədi?

- İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də, Vidadi Rzayev və digərləri. İndinin futbolu ilə o vaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərində işləməlidilər. Əgər çalışsalar onlar da bu cür futbolçu ola bilərlər. 

Müəllif: Natiq NƏSİROV