“Qarabağ” 15-ə çatdı
ESTAFET/ “Qarabağ”ın futbol üzrə Azərbaycan Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb. Ağdam klubu XXIII turun “Kəpəz”lə səfər matçındakı 1:0 hesablı qələbə ilə seriyanın ikinci “onluğ”unu yarılayıb. Cari mövsümdə yalnız bir uğursuzluğu olan Qurban Qurbanovun yetirmələri IX turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə səfər matçından (0:1) sonra ("Səbail" ilə dekabrın 8-də keçirilən 4-cü turdan təxirə salınmış matç da daxil olmaqla - red.) məğlubiyyət acısı yaşamır. “Qarabağ” bu 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib.
Qeyd edək ki, ardıcıl 15 oyunda uduzmayan “Qarabağ” özünün Azərbaycan çempionatlarındakı nəticəsini – 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.