“Azarkeşlərin Ayxanı istefaya səsləməsi doğru yanaşma deyil”: Kamal Bayramov

ESTAFET/ “Zirə” komandasının qapıçısı Kamal Bayramov Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi”yə 0:3 hesabı ilə məğlub olduqları oyunda bəzi azarkeşlərin baş məşqçi Ayxan Abbasovu istefaya səsləməsinə münasibət bildirib.

 

33 yaşlı vitse-kapitan bildirib ki, indiki məqamda baş məşqçi dəyişikliyi “Zirə”yə yalnız ziyan vurar. Onun fikrincə, Abbasovun istefası tələbi məntiqli deyil: “Komandanın 7 futbolçusu zədəlidir. Bunu əlimizdə bayraq etmirik. Uğursuzluq varsa, məsuliyyətini hamımız daşıyırıq. Azarkeş pis gündə də komandanın yanında olmalıdır. Hesabda bir top geridə olduğumuz halda, 5 – 6 nəfərin baş məşqçimizi istefaya səsləməsində məntiq görə bilmirəm. “Zirə” elitada çıxış edəndən bəri yüksək yerlər uğrunda mübarizə aparıb və hər zaman avrokuboka vəsiqə qazanıb. Komandalar var ki, 10 – 15 ildir medal üzünə həsrətdirlər. Bizim yaşadığımız eniş hər bir kollektivin başına gələ bilər. Hər il ard-arda nəticə ola bilməz. İndiki məqamda Abbasovun baş məşqçi postundan getməsi komandaya ancaq ziyan vura bilər. Deyək ki, getdi, onun yerinə başqası gəldi. Həmin adam söyləyəcək ki, bu, mənim komandam deyil, zamana ehtiyac var, növbəti mövsüm nəticə verə bilərəm və s. Bu cür şablon söhbətlər hamımıza aydın olan məsələdir. Yeni məşqçi gəlsə, itirilən xalları geri qaytaracaq? Vəziyyəti düzgün qiymətləndirmək lazımdır”.

 

Bayramovun sözlərinə görə, “Zirə”nin qış fasiləsindən sonra uğursuz çıxışının səbəbi yeni gələn futbolçularda komandanın oyun sisteminə uyğunlaşma prosesinin yubanmasıdır: “Mövsümə çox yaxşı başlamışdıq. Lakin qış fasiləsində Qabriel Matey, Təmkin Xəlilzadə kimi futbolçuların gedişi, onların yerinə gələnlərin komandaya uyğunlaşmaqda çətinlik çəkmələri çıxışımıza mənfi təsir göstərdi. Yenilərin zəif olduğunu demirəm, əksinə, hamısı çox istedadlı uşaqlardır. Sadəcə, uyğunlaşmaları yubanır”.

 

Vitse-kapitan onu da deyib ki, “Zirə” “Neftçi” ilə görüşdə 0:3 hesablı məğlubiyyətə layiq futbol sərgilməyib: “İlk hissədə normal oyun gedirdi. Penalti istisna olmaqla, rəqib qapımız önündə təhlükəli vəziyyət yaratmadı. Matç qarşılıqlı hücumlar şəraitində keçirdi. Lakin 51-ci dəqiqədə Yani Urdinovun qırmızı vərəqə alması oyunumuza birbaşa təsir etdi. Rəqib yüksəlişdə olan “Neftçi”dirsə, bir nəfər azlıqda çıxış etmək çox çətindir. Buna rəğmən, yenə hücumlar edirdik. Hücumçumuzun boş qapıya qol vura bilmədiyi epizod oldu. Son dəqiqələrdə irəli atılmağımızın nəticəsində arxada boşluq verdik və daha 2 top buraxdıq. Lakin bu, 0:3-lük oyun deyildi”.

 

Qeyd edək ki, “Zirə” qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyib. Qəsəbə təmsilçisi hazırda 35 xalla 4-cü pillədə qərarlaşıb.  

 

Mənbə: Report

Müəllif: Natiq NƏSİROV