Azərbaycan Qran Prisi çərçivəsində keçiriləcək əyləncə tədbirlərinin detalları bəlli olub

ESTAFET/ Dənizkənarı bulvar boyunca uzanan Formula 1 Azarkeşlərin Əyləncə Zonasında aprelin son günlərində yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq.

 

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin məlumatına görə, dənizkənarı bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-da saat 12:00-dan 21:00-dək, aprelin 27-də və 28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin, musiqili əyləncə proqramı aprelin 27-29-da axşam saatlarından başlayaraq Bakı Kristal Zalında bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə davam edəcək.

 

Formula1 ilə yaxından tanışlıq
Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-da saat 14:00-dan 15:30-dək Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar pit yoluna daxil olaraq Formula 1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Azarkeş Zonasında yerləşən Abşeron tribunası tərəfdən olacaq.

 

Bundan başqa, Formula1 Azarkeş Zonasında builki Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur.

 

Bu il tamaşaçılar Formula1-in yeni pilotları ilə yanaşı Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Belə ki, aprelin 28-də dənizkənarı bulvarda yerləşən Formula 1 Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək Formula 1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

 

Həmçinin, yarış sessiyaları başa çatdıqdan sonra tras tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddət ərzində tras daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trasın müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı şəkildə tanış ola biləcəklər.

 

Yeni formatda mərasimlər
Ötənilki yarışlardan fərqli olaraq bu il tamaşaçıları salamlama mərasiminin açılışı Pilotların Paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq, tamaşaçıları salamlayacaqlar.

 

Bundan bir az sonra yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar start düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən, bu il start düzülüşündə qızlar olmayacaq və onların əvəzinə pilotları yalnız himn mərasimində 7-10 yaşlı uşaqlar müşayiət edəcəklər.

 

F1 azarkeşləri üçün simulyator yarışları
Tamaşaçılar Formula 1 Azarkeş Zonasında yerləşən Formula 1-ə və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya dəyərli mükafatlar veriləcək. Bundan başqa, simulyatorlarla yanaşı müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

 

Konsert proqramları
Bütün bilet sahibləri həftəsonuboyu axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə Jamiroquai qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojack-ın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə Axwell Λ Ingrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveyq yer alacaqlar. Həmçinin, proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il dünya ulduzlarının konsert proqramları Bakı Kristal Zalında keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə Kristal Zal arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

 

Bir-birindən zövqlü səyyar şoular
Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara sirk və balans şouları, pantomima aktyorları və ağacayaqların orijinal hərəkətləri, müxtəlif yerli DJ-lərin və müğənnilərin musiqili əyləncə proqramları, küçə rəqsləri, eləcə də digər maraqlı nömrələr daxildir.

 

Azyaşlılar üçün maraqlı əyləncələr
Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

 

Xatirə şəkli üçün fərqli mənzərələr
Dənizkənarı bulvar boyunca uzanan Formula 1 Azarkeş Zonasının müxtəlif yerlərində tamaşaçılara şəkil və selfi çəkdirmək üçün fərqli arxafonlar, o cümlədən Azərbaycan Qran Prisinə aid podium və haştaqlar, Formula 1 pilotlarının heykəlləri və onları təsvir edən maskotlar, divar və yerüstü rəsmlər, Formula 1 yarışlarının keçirildiyi trasların sxemləri, milli ornamentli Formula 1 bolidləri və retro avtomobillər təqdim olunacaq. 

Müəllif: Natiq NƏSİROV