"Risk etdim və sonda uduzdum": Şəhriyar Məmmədyarov
ESTAFET/ Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirində IV turun oyunları oynanılıb. Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov bu turda Bolqarıstan təmsilçisi Veselin Topalovla qarşılaşıb və məğlubiyyətlə barışmalı olub.
Bolqarıstanlı keçmiş dünya çempionu Veselin Topalov oyundan sonra partiya haqqında bunları deyib: "Əvvəlcədən üstünlük yox idi. Düşünürdüm ki, növbəti dəfə heç-heçə olacaq. Sonda vəziyyət dəyişdi. Şəmkirdə ilk qələbəni qazandığım üçün şadam. Ümumiyyətlə Şəmkirdə həmişə normal oyun sərgiləmişəm. Bu qələbə sadəcə 1 xal qazandırdı. Əsas mübarizə irəlidədir. Təxminən bir il böyük yarışlarda iştirak etmirəm. Bu mənada yaxşı formada olduğumu fikirləşirəm. Məmmədyarovla əksər oyunlarımız məhsuldar alınır".
Şəhriyar Məmmədyarov isə məğlubiyyətə səbəb kimi risk etməsini göstərdi: "Oyunda vəziyyət iki dəfə dəyişdi. Əvvəlcə üstünlük əldə etdim. Amma onu inkişaf etdirmək mümkün olmadı. Sonradan Topalov həlledici gedişlərlə vəziyyəti xeyrinə dəyişdi. İki dəfə heç-heçə etməyə imkanım var idi. Yəni istəsəydim oyunu bərabərliklə başa çatdırardım. Sadəcə bu nəticəni istəmədim. Qələbə qazanmağı arzulayırdım. Düşündüm ki, nəhayət bu gün qələbə qazanmaq vaxtıdır. Heç-heçə etmədiyim üçün peşman deyiləm. Risk etdim və sonda uduzdum. Risk etmək həmişə uğurlu sonluqla yekunlaşmır. Bəzən uduzursan. Heç-heçə etməyərək mübarizəni davam etdirdiyim üçün özümü qınamıram. Məğlubiyyət məni daha da güclü edəcək. Motivasiya artacaq. İndi başa düşürəm ki, növbəti turlarda qələbə qazanmağa borcluyam".