Cüdoçularımız 1 gümüş və 1 bürünclə kifayətləndilər

ESTAFET/ İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatına yekun vurulub. Yarışın sonuncu günündə 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. bu gün millimizin son 5 cüdoçusu da tatami üzərinə çıxıb. 

 

Kişilər

90 kq

Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda Noel Van T Endlə (Hollandiya) qarşılaşıb. İlk görüşündəcə məğlub olam idmançımız çempionatla erkən vidalaşıb. 

 

100 kq

Bu çəkidə 2 cüdoçu ilə təmsil olunurduq. Elxan Məmmədovun ilk görüşü slovakiyalı Matey Hayasa qarşı olub. Tatamini ipponla qalib tərk edən cüdoçumuz 1/8 finalda Niyaz Bilalovla (Rusiya) qarşılaşıb. Lakin burada məğlubiyyət Elxanın da Avropa mükafatı arzusunun üstündən xətt çəkib. 

 

Çəkidəki digər təmsilçimiz Zelim Kotsoyev də 1/16 finalda slovakiyalı cüdoçu ilə qarşılaşıb. Milan Randlı ipponla mübarizədən kənarlaşdıran Kotsoyev 1/8 finalda Kirill Denisovdan (Rusiya) üstün olub vı 1/4 finala adlayıb. Burada yerli idmançı Peter Paltçiklə bacarmayan Zelim bürünc uğrunda təsəslliverici görüşlərə çıxıb. 

 

Təsəlliverici döyüşdə portuqaliyalı Jorj Fonsekanı məğlub edən Zelim bürünc uğrunda belaruslu Daniel Mukete ilə qarşılaşıb. Qarşılaşmanı qələbə ilə başa vuran Zelim komandamızın aktivinə bürünc qazandırıb. 

 

+100 kq

Millimizin ən ağır çəkili cüdoçusu Uşanqi Kokauri 1/16 finalda rusiyalı Tamerlan Basayevlə güləşib. O, startdaca məğlub olaraq, yarışla vidalaşıb.

 

Qadınlar

+78 kq

Komandamızın Avropa çempionatındakı son qadın cüdoçusu İrina Kindzerska 1/8 finalda rusiyalı Ksenya Çibişovanı sınağa çəkib. Döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, ipponla qalib gəlib. Kindzerska 1/4 finalda Yelizaveta Kalanina (Ukrayna) ilə gücünü yoxlayıb və məğlubiyyətə üzülüb.

 

O, bürünc medal uğrunda təsəlliverici görüşdə İvana Maraniçlə qarşılaşmalı olsa da, zədə səbəbindən tatamiya çıxmayıb və yarışla vidalaşıb.

 

Qeyd edək ki, Avropa çempionatına 16 cüdoçu ilə yollanan millimiz bir “gümüş” və bir “bürünc” medal qazanıb. Ötən gün 73 kq çəkidə yarışan Hidayət Heydərov ikinci olmuşdu. 

Müəllif: Orxan NOVRUZOV