Yeniyetmə qızlardan 1 lisenziya və daha 2 lisenziya şansı: YAÇ-2018

ESTAFET/ Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışıb. Bu çəkilərdə finala yüksələn idmançılar və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

 

Yığmamız 4 çəkidə idmançı ilə təmsil olunub.

 

Güləşçilərimizdən Şahanə Nəzərova (43 kq) ardıcıl olaraq Bolqarıstan və Fransa, Nigar Mirzəzadə (65 kq) isə Latviya və Belarus idmançılarını məğlub edərək yarımfinala yüksəlib.

 

Yarımfinalda Rusiya idmançısına da heç bir şans verməyən Şahanə həm çempionatın finalına yüksəlib, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.

 

Nigar Mirzəzadə isə yarımfinalda uduzaraq bürünc medal görüşünə haqq qazanıb. Onun rəqibi Moldova təmsilçisi olacaq.

 

Sevinc Əhədova (49 kq) isə təsəlliverici görüşdə qalib gələrək bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.

 

Final görüşləri Bakı vaxtı ilə 17 may saat 20:00-da başlayacaq.

 

43 kq
FİNAL - Valeriya Kapustsina (BLR) - Şahanə Nəzərova
1/2 final - Luçana Bekbaulova (RUS) - Şahanə Nəzərova 0:5
1/4 final - Justine Viqurox (FRA) - Şahanə Nəzərova 0:10
1/8 final - Şahanə Nəzərova - İrena Binkova (BUL) 10:0 (15 san.)

 

49 kq
Bürünc medal görüşü - Sevinc Əhədova - Tetiana Profatilova (UKR)
Təsəlliverici görüş - Mihaela Samoil (MDA) - Sevinc Əhədova 0:10
1/4 final - Sevinc Əhədova - Roza Szenttamasi (HUN) 4:4*
1/8 final - Maria Ramos Diaz (ESP) - Sevinc Əhədova 0:10 (36 san.)

 

57 kq
1/4 final - Elnurə Məmmədova - Anastasia Blayvas (GER) 0:4
1/8 final - Elnurə Məmmədova - Zsofia Agoston Palko (ROU) 7:0

 

65 kq
Bürünc medal görüşü - Andrea Deleu (MDA) - Nigar Mirzəzadə
1/2 final - Nigar Mirzəzadə - Noemi Szabados (HUN) 0:4
1/4 final - Nigar Mirzəzadə - Tatyana Malışitskaya (BLR) 7:2
1/8 final - Elina Ziedina (LAT) - Nigar Mirzəzadə 2:2*

 

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.
 

Müəllif: Orxan NOVRUZOV