“Əlincə Arena”da mövsümün rekordu

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 2018/19 mövsümündə yeni rekord müəyyənləşib. VI turun “Sabah” - “Qarabağ” qarşılaşmasında (0:2) 4500 tamaşaçı qeydə alınıb. “Əlincə Arena”dakı göstərici cari mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddur. Bunadək ən çox tamaşaçı III turun “Qarabağ” - “Neftçi” matçında (1:1) qeydə alınmışdı. “Azersun Arena”dakı görüşü 3000 azarkeş izləyib.

 

VI turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidir. 

Müəllif: Məsim MƏSİMZADƏ