Turan Bayramov olimpiya çempionu oldu

ESTAFET/ Argetinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.

 

Sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub. Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb. Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabıyla qalib gəldiyi güləşçiylə Olimpiadanın həlledici görüşündə üz-üzə gələn Bayramov ilk hissəni 4:0 hesabıyla öndə bitirib. İkinci hissədə də təşəbbüsü əldən verməyən Turan yekunda 6:1 hesabı ilə qalib gələrək olimpiya çempionu olub.

Müəllif: Natiq NƏSİROV