Məhəmməd Məmmədli Avropa birinciliyinin qalibi oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu günlərdə Polşanın Zamots şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

 

Onlardan daha biri – Məhəmməd Məmmədli yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsinə qoşulub və tarixi uğura imza atıb.

 

Atletimiz birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb.

 

Məhəmməd təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq bu hərəkətdə qızıl medala sahib çıxıb.

 

Məhəmməd Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.

 

Qeyd edək ki, buna qədər eyni uğura yalnız iki atletimiz - Firudin Quliyev və Anastasiya İbrahimli 2015-ci ildə Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində imza atmışdı.

 

2013-cü ildə Klaypeda şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində birdən qaldırma və toplamda gümüş, təkanal qaldırmada qızıl, gənclər arasında ötən il Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində təkanla qaldırmada bürünc, qazanan Məhəmməd Məmmədli burada karyerasının ən böyük uğuruna imza atıb. 

Müəllif: Natiq NƏSİROV