Güləşçilərimiz mundiala bu heyətlə gedir

ESTAFET/ Noyabrın 12-dən 18-dək Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək. Mundialda Azərbaycan güləşin hər 3 növündə mübarizə aparacaq. 

Baş məşqçi Şaban Donat, məşqçilər Emin Əhmədov və Turac Hüseyinlinin rəhbərliyi altında yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Ramiz Məmmədov (63 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) mükafatlara iddialırını ortaya qoyacaqlar.  "Klassiklər" Buxarestə noyabrın 10-da yola düşəcək.


Baş məşqçi Aslan Ağayevin başçılığı altında qadınlardan ibarət millimizin üç üzvü - Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) qüvvəsini sınayacaq. Zərif cinsin nümayəndələri ayın 12-də Buxarestə yollanacaq.


Baş məşqçi Firdovsi Umudov və məşqçilər Arif Abdullayevlə Sadruddin Ayqubovun rəhbərliyi altında sərbəst güləşçilərdən Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Əli Rəhimzadə (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Şamil Zubairov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) Rumıniyanın paytaxtına noyabrın 14-də gedəcəklər. 


Dünya çempionatının proqramına əsasən, əvvəlcə yunan-Roma güləşçiləri (12-14 noyabr), daha sonra qadınlar (14-16 noyabr), ən sonda isə sərbəst güləşçilər (16-18 noyabr) xalça üzərinə çıxacaq.


Qeyd edək ki, I-S dərəcəli beynəlxalq hakim İntiqam Alıyev mundialda ədaləti qoruyacaq. 

Müəllif: Natiq NƏSİROV