İLİN YEKUNLARINDA DAİR MƏTBUAT KONFRANSI

ESTAFET/ Azərbaycan Basketbol Federasiyası 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. Tədbirdə milli komandanın baş məşqçisi Samit Nuruzadə iştirak edib.


Bildirilib ki, Azərbaycan idman sahəsində apardığı dövlət siyasətini uğurla həyata keçirir. Rio Olimpiya Oyunlarında qazandığımız rekord sayda, 18 medal və son illərdə əldə etdiyimiz idman uğurları basketbolçuları da ruhlandırır. Federasiya da fəaliyyətini təkminləşdirərək 2015-ci ildə tədbirlər planı hazırlayıb, təşkilatı məsələlərə baxıb və yeni qərarlar qəbul edib.

 

Samit Nuruzadə il əzrində federasiyanın gördüyü işlərdən, yeniyetmə basketbolçularımızın beynəlxalq arenalarda qazandığı uğurlardan danışıb.


Baş məşqçi sözlərinə belə davam edib: "5 illik inkişaf proqramı hazırlanıb. Bu proqramı bir neçə mərhələyə bölə bilərik. Bu işi ağac hesab etsək, 5 ildən sonra yaxşı meyvə almaq üçün suyunu, gübrəsini bol etməliyik. Yığma üçün basketbolçular yetişdirməliyik. İlk növbədə, məktəb basketbolunu inkişaf etdirməliyik. Hazırda bu var, amma inkişaf getməlidir. İkincisi, U-14, U-16 və U-18 komandaları üçün istedadlı uşaqlar toplamalı, onlarla daha çox çalışmalıyıq. Üçüncüsü, komandaların, yarışların, oyunların sayı artırılmalıdır. Dördüncüsü, gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliy Oyunlarında iştirak etməliyik. Beşinci məsələ gənclərdən ibarət komandalarımızın Avropa çempionatlarında çıxış etmələridir. Bundan başqa, məşqçilərin sayı çoxalmalıdır. Nəhayət, 2020-ci ildə kişilərdən ibarət komandamızın uğurlarından danışmaq üçün zəmin yaratmalıyıq. Hər federasiyada çətinliklər var. Əl-ələ verib bunların öhdəsindən gəlməliyik".

 

Samit Nuruzadə qeyd edib ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyası yeniyetmə və gənc idmançıların inkişafı üçün səylərini əsirgəmir. Basketbolun bölgələrdə də inkişafı üçün zəruri tədbirlər görülür. Baş məşqçi gələcəkdə də basketbolçularımızın ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməsi üçün əllərindən gələni edəcəklərini deyib. 

 

Mənbə: basketball.az