Yeniyetmə sablyaçılarımız "U-14 European Cadet Circuit" turnirində iştirak edib

ESTAFET/ Yeniyetmə sablyaçılarımız Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "U-14 European Cadet Circuit" turnirində iştirak edib.

 

Fərdi yarışlarda ölkəmizi Xədicə Şamilova, Zərifə Hüseynova və Nurlan Zeynallı təmsil edib. Sablyaçılarımızdan Xədicə Şamilova qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanmaqla, pley-offa yüksəlib. Xədicə 1/32 finalda yunanıstanlı Teodora Filipopoulounu 15:11 hesabı ilə məğlub edib. Şamilova 1/16 finalda türkiyəli Dus Duruya 5:15 hesabı ilə uduzub. Xədicə Şamilova 59 yeniyetmə sablyaçı arasında 17-ci olub. Qrupda keçirdiyi 6 görüşdən 2-ni qalib başa vuran Zərifə Hüseynova isə 1/32 finalda Yunanıstan idmançısı Tedosi Vasilikiyə 5:15 hesabı ilə məğlub olub. Hüseynova turniri 42-ci sırada tamamlayıb. Yeniyetmə oğlanların sabya üzrə fərdi yarışlarında iştirak edən Nurlan Zeynallı isə qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gəlməklə pley-offa adlayıb. Qılıncoynadanımız 1/32 finalda Yunanıstan təmsilçisi Dionisios Dimitrakakis üzərində 15:8 hesablı qələbə qazanıb. Sablyaçımızın 1/16 finalda da rəqibi Yunanıstan idmançısı olub. Panagiotis Manesiostis təmsilçimizi 15:4 hesabı ilə məğlub edib. Nurlan Zeynallı 69 yeniyetmə oğlan sablyaçının fərdi yarışında 22-ci yeri tutub. Sofiyada keçirilən beynəlxalq turnirdə təmsil olunan hakimlər arasında Erol Həsənli də olub. 

Müəllif: Orxan NOVRUZOV