Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

ESTAFET/ Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatı başa çatıb. İki gün davam edən yarışlarda bütün çəki dərəcələrində ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

 

Yarışın ilk günü kişilərdə Rəşad Yelkiyev (60 kq), Rüfət Məmmədov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq), qadınlarda isə Leyla Əliyeva (48 kq), Elmira Mustafayeva (57 kq) və Aytəkin Paşazadə (+78 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. 

 

Yarışın son günü kişilərdə 4, qadınlarda da 4 çəki dərəcəsində qalib və mükafatçılar məlum olub. Kişilərdə Orxan Səfərov (66 kq), Murad Fətiyev (81 kq), Süleyman Yaqubov (100 kq) və Şahin Qəhrəmanov (+100 kq), qadınlarda isə Gültac Məmmədəliyeva (52 kq), Diana Şoranova (63 kq), Nuranə Muradova (78 kq) və Günel Həsənli (70 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər.

 

Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub. Komanda hesabında ilk üç yeri tutan - "Neftçi", "Dinamo" və "Cüdo 2012" klublarının baş məşqçilərinə kuboklar, diplomlar verilib.

 

Respublika çempionatının gedişini izləmək və yarışların daha peşəkar səviyyədə keçməsi üçün ölkəmizə dəvət olunan Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin başçısı Aleksandr Yatskeviç, qurumun komissarları Frank de Bur və Frank Oçko tərəfindən birinciliyin ən yaxşı 3 hakimi müəyyənləşdirilərək onlara mükafatlar təqdim olunub. Çempionatın sonunda bu günlərdə yubileyini qeyd edən, məşqçi, Azərbaycan Cüdo Federasiyasının Yarışların Təşkili və Keçirilməsi Komitəsinin üzvü Arzu Axundova xatirə hədiyyəsi təqdim edilib. 

Müəllif: Natiq NƏSİROV