Şəhriyarla Teymur 11 ildən sonra yenidən bir arada

ESTAFET/ Şahmat üzrə dünyanın ən güclü və "yaşlı" superturnirlərindən biri olan "Tatasteelchess Tournament"in 2019-cu il üçün heyəti müəyyənləşib. Şahmatsevərlər arasında daha çox keçirildiyi şəhərin adı ilə tanınan turnir (Veyk an Zee) 1937-ci ildən indiyədək Hollandiyada keçirilməkdədir. Yalnız bir dəfə - 1945-ci ildə təxirə salınan turnir həmişə superheyəti ilə digərlərindən fərqlənib.
Azərbaycan şahmatçıları bu turnirdə 2003-cü ildən debut ediblər. İlk dəfə Teymur Rəcəbov ölkəmizi Veyk-an-Zeedə təmsil edib və 6,5 xalla yekunda 9-cu olmuşdu. Bu il keçirilən turnirdə isə Şəhriyar Məmmədyarov uğurlu çıxışı ilə yadda qalmışdı. O 8,5 xalla 3-4-cü yerləri bölüşüb. Qalib adını isə yarım xal çox toplayan Maqnus Karlsen qazanmışdı.
Ümumilikdə bu turnirdə ən yaxşı nəticəmiz Teymur Rəcəbova məxsus olub. 2007-ci ildə qrossmeysterimiz 8,5 xalla 1-3-cü yerlərə şərik olmuşdu.
Veyk-an-Zeedə ilk dəfə iki şahmatçı ilə 2008-ci ildə Teymur-Şəhriyar dueti ilə təmsil olunmuşuq. Daha sonra 2012-ci ildə Teymurdan əlavə mərhum qrossmeysterimiz Vüqar Həşimov da bu superturnirin iştirakçısı olub.
2019-cu ilin yanvar ayında keçiriləcək yarışın rəsmi səhifəsində açıqlanan iştirakçı siyahısında iki həmyerlimiz - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da yer alıb.
Açıqlanan tam siyahı isə aşağıdakı kimidir:
1. Maqnus Karlsen (Norveç) - 2835
2. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2817
3. Liren Dinq (Çin) - 2816
4. Aniş Giri (Hollandiya) - 2780
5. Vladimir Kramnik (Rusiya) - 2777
6. Viçvanatan Anand (Hindistan) - 2773
7. Yan Nepomnyaşiy (Rusiya) - 2763
8. Teymur Rəcəbov (Azərbaycan) - 2757
9. Yan Krzistof Duda (Polşa) - 2738
10. Samuel Şankland (ABŞ) - 2724
11. Vladimir Fedoseyev (Rusiya) - 2714
12. Qujrati Santoş Vidit (Hindistan) - 2702
13. Jorden van Forest (Hollandiya) - 2613
14-cü iştirakçı dekabr ayında reytinq əsasınd müəyyənləşəcək.

