Azərbaycan çempionatında ikinci dövrə yekunlaşıb

ESTAFET/ Qadın həndbolçuların Azərbaycan çempionatında 10-cu tur da arxada qalıb. Son oyun günündə iki qarşılaşma olub.

“Qarabağ” –“Gənclərbirliyi” matçında nominal meydança sahibi çempionatın aşkar autsayderini növbəti məğlubiyyətlə barışdırıb – 37:19.

Baş mükafata əsas namizədlərdən sayılan “Azərsu” isə “İdman Akademiyası” ilə oyunda inamlı qələbə qazanıb. “Tələbələr” çox çalışsalar da, güclü rəqibin kəsərli həmlələrini dəf etməkdə çətinlik çəkiblər. Görüş 37:15 hesabı ilə “Azərsu”nun xeyrinə nəticələnib.

10 oyundan hərəyə 18 xal toplayan “Azəryol” və “Azərsu” komandaları çempionatın şərikli liderləridir. “Qarabağ” 12 xalla 3-cü pillədə qərarlaşıb. 4-cü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Autsayder “Gənclər Birliyi”nin isə hələ də xalı yoxdur.

Bu turdan sonra Azərbaycan çempionatında qısa fasilə yaranacaq. Yarışın 3-cü dövrəsinə yanvarın 24-də start veriləcək. 

Müəllif: Məsim MƏSİMZADƏ