"Əcnəbidi, dilini də başa düşmürsən": Samir Abasov
ESTAFET/ "Oyunun əvvəlindən həyəcan var idi. Sona qədər də necə nəticələnəcəyini bilmirdik". Bu sözlər "Zirə"nin baş məşqçisi Samir Abasova məxsusdu.
Topaz Premyer Liqasında III dövrənin son oyununda "Keşlə" üzərində 2:0 hesablı qələbə qazanan qəsəbə komandası turnir cədvəlində 5-ci pilləyə şərik olub.
Oyunsonrası mətbuat konfransında Abasov fikrini bu sözlərlə davam etdirib: "Çox həyəcanlı idik. Çətin rəqiblə qarşılaşdıq. "Keşlə" ilə bəzi oyunlarımız alınmır. Millilərin oyunlarına görə, yaranan fasiləyə yaxşı əhval-ruhiyyədə çıxırıq. Uduzmadıq, uğurlu seriyanı davam etdirdik. Deyə bilmərəm ki, fasilənin bizə xeyri olacaq. İnanırıq ki, bu fasilədən yaxşı yararlanacağıq".
Baş məşqçi ikinci hissədə Xulio Sezar Rodrigesin ardıcıl iki penalti zərbəsini qaçırmasına da münasibət bildirib. O, bunu psixoloji gərginliklə əlaqələndirib: "İlk zərbəni qaçırdıqdan sonra penaltini başqa oyunçuya vermək Sezara "zərbə" olardı. Kənardan qışqırsan ki, sən vurma, başqa oyunçu yerinə yetirsin, bu, ona pis təsir edə bilərdi. Əcnəbidi, dilini də başa düşmürsən. Həmin an mübahisəyə səbəb ola bilərdi. Pelantini qola çevirmədiyinə görə yox, ümumilikdə oyun məni həyəcanlandırdı. Bizdə çox şey alınmırdı. Bəzi futbolçularımız həddən artıq ağır görünürdü. Buna görə məyus idim. Şükür ki, oyundan qalibiyyətlə ayrıldıq".
Mənbə: Matç