Gimnastlarımız Bakıda 6 medal qazandılar

ESTAFET/ Bu gün, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə gənclər arasında "AGF Junior Trophy" beynəlxalq yarışı öz işinə yekun vurdu.

20 ölkənin çıxış etdiyi turnirdə Azərbaycan komandası 6 medal qazanaraq, yarışları uğurla bitirdi.

Turnirin ilk günü, millimizin hesabına birinci medalı qrup hərəkətləri komandası yazdırıb. Belə ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız çoxnövçülük proqramında 41 xal toplayaraq, gümüş medal qazanıblar.

Bu gün baş tutan ayrı-ayrı alətlər üzrə final mərhələrində ilk olaraq fərdi gimnastlarımız xalçada öz güclərini sınayıblar. Arzu Cəlilova iplə icrasına görə 17.350 xal alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Komanda yoldaşı Nərminə Səmədova isə təsnifat mərhələsindən 4 final çıxışını təmin etmişdi. Və turnirin son günü bütün gücünü toplayaraq, iki medal qazanmağı bacarıb. Belə ki, gənc gimnastımız topla çıxışına görə bürünc, lent ilə icrasına görə isə gümüş medala sahiblənib.

Daha sonra meydançanı qrup komandaları təhvil alıblar. Bu məqamda Azərbaycanın qrup komandası yüksək performans göstərərək, hesabımızda medal dəstini tamamlayıblar. Qızlarımız halqa ilə icra etdikləri kompozisiyaya görə hakimlərdən 21.500 xal almaqla, qızıl medala sahibləniblər. Hər kəsə sevinc hissləri yaraşadan komandamız, Himnimizi bütün tamaşaçılarla bərabər böyük izdihamla səsləndiriblər.

Gənclərdən ibarət komandamızın lent ilə çıxışı isə 18.350 xalla dəyərləndirilib, bununla da turnirdə sonuncu qazanılan medal gümüş olub.

Xatıraladaq ki, yarışlarda həm fərdi proqram (Arzu Cəlilova), həm də qrup komandaları arasında (Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadə) ən yüksək icra xalına görə verilən AGF Trophy mükafatına da Azərbaycan gimnastları layiq görülüb.

Müəllif: Bəhruz MƏMMƏDOV