"Qarşıdakı ev matçlarında qələbə şansımız var": Yurçeviç
ESTAFET/ "Bu dəfə toplanışa 27 futbolçu çağırmışam ki, onun 3-ü qapıçı, 24-ü sahə oyunçusudu. Belə götürəndə, əslində, heyəti müəyyənləşdirmək elə də asan deyil. Çünki müxtəlif ölkələrin futbol çempionatları fərqli tarixlərdə sonuclanır. Məsələn, 4 futbolçumuz yalnız son həftə bizə qoşulacaqlar. Ona görə də heyətimizin belə geniş görünməsinin səbəblərindən biri odur ki, hamı eyni vaxtda yığışa bilmir". Bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç "CBC Sport"da "Bizim futbol" verişində bildirib.
Millimizin AVRO-2020-nin seçmə mərhələsində qarşıdakı ev matçlarına - iyunun 8-də Macarıstan, 11-də Slovakiya ilə "Bakcell Arena"da keçiriləcək görüşlərinə toxunan xorvatiyalı mütəxəssis qələbə şanslarının olduğunu bəyan edib: "Sözsüz ki, qarşıdan başqa səviyyəli rəqiblər gəlirlər. Hər ikisi heyət və oyun planında çox keyfiyyətlidi. Lakin hesab edirəm ki, onlara qarşı şansımız var. Bu isə o deməkdir ki, onlara qol vurmaq, qalib gəlmək istəyiriksə, deməli, qapılarına hücum etməliyik. Hücum etmək üçünsə heyətdə hücumameylli futbolçuların çox olması başadüşüləndi. Ümid edirəm ki, bu matçlarda lazımı qədər şanslarımız olacaq və bunlardan faydalana biləcəyik. Nəticədə hamının gözlədiyi, bizim də istədiyimiz nəticələr ortaya çıxsın".
Yurçeviçin sözlərinə görə, qrupumuzda da şanslarımız var: "Bir tərəfdən də realist olmalıyıq ki, bizimlə matçlarda favorit rolunda yəqin ki, rəqiblər olacaqlar. Bu, o demək deyil ki, oynamalı deyilik. Ancaq bəribaşdan özümüzdən razı da ola bilmərik. Heç vaxt bunun tərəfdarı olmamışam ki, oyun başlamadan çox danışasan, ancaq oyunda bir şey ortaya çıxmasın. Az olan şansımızdan mümkün qədər çox istifadə etməliyik. Necə ki Xorvatiya ilə görüşdə olduğu kimi. Bütün bunların alınması üçün bizdə böyük komamda ruhu, əzmkarlıq olmalıdı. Üstəgəl, bizdə 3-4 nəfər futbolçu olmalıdır ki, önə oynasınlar, rəqibə başağrısı vermək üçün komandaya bir az ilham versinlər. Bu, ümumiyyətlə, üzüağ çıxmağımız üçün şərtlərdi. Bunların olması çox lazımdı. Bütün bunlar olsa, hesab edirəm ki, oyunlardan yaxşı nəticə ilə ayrıla biləcəyik".
Baş məşqçi milli komandada hal-hazırda atmosferin də yaxşı olduğunu söyləyib: "Düşərgədə xoş ab-hava hökmü sürür. Ümid edirəm ki, stadion daha da dolu olacaq və ora gələnlər bizi daha irəli səsləyəcəklər. Bütün bunların hamısının alınması üçün lazımdı ki, sonunda hər şey alınsın. İlk öncə Macarıstanla qarşılaşmaya hazırlaşmalıyıq. Yalnız bu qurtarandan sonra Slovakiya haqda danışmalı və ya fikirləşməliyik. Həmişə oyundan-oyuna düşünməyin tərəfdarıyam".
Mənbə: Sport24