"Azerbaijan International 2019" turniri ilə bağlı mətbuat konfransı keçirilib

ESTAFET/ Bu gün Bakı İdman Sarayının konfrans zalında 6-9 iyun tarixlərində adıçəkilən məkanda keçiriləcək “Azerbaijan International 2019” turnirinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda milli komandamızın baş məşqçisi Morteza Validarvi turnirlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Turnirdə 5 kateqoriya üzrə 20 idmançı ilə təmsil olunacaqlarını deyən Morteza Validarvi sabah yarışın keçiriləcəyi Bakı İdman Sarayında son məşqlərini keçirəcəklərini bildirdi. Bu kateqoriyalı turnirin ölkəmizdə ilk dəfə keçiriləcəyinə baxmayaraq dünya badminton ictimaiyyətində kifayət qədər maraqla gözlənildiyini qeyd edən baş məşqçi yarışa sifariş olunan idmançılar arasında olimpiya mükafatçıları, müxtəlif seriyalı turnirlərin qaliblərinin olmasını buna bariz nümunə kimi göstərdi. Morteza Validarvi misal olaraq danimarkalı Rasmus Gemke, israilli Mişa Zilberman kimi tanınmış badmintonçuların adlarını çəkdi. Morteza Validarvinin fikrincə bu kateqoriyalı turnirlərin Bakıda keçirilməsi gələcəkdə dünya və ya Avropa çempionatlarının keçirilmə hüququnun Azərbaycana verilməsi üçün yaxşı bir şansdır. Xatırladaq ki, 6-9 iyun tarixlərində keçiriləcək “Azerbaijan International 2019” turnirində 39 ölkədən 220 idmançı mübarizə aparacaq.Yarışın keçirilməsində əsas məqsəd ölkəmizdə badmintonun daha geniş və praktik təbliği, bu idman növünün daha da populyarlaşmasına, inkişaf etməsinə təkan vermək, gəncləri badmintona cəlb etməkdir.

Yarışın final oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Turnirin bütövlükdə gedişatını isə iyunun 6-dan Avropa Badminton Konfederasiyasının rəsmi youtube kanalı vasitəsilə canlı izləmək mümkün olacaq və nəticələr onlayn olaraq Dünya Badminton Federasiyasının rəsmi saytında əksini tapacaq. (http://bwf.tournamentsoftware.com/sport/tournament.aspx?id=7EC3BC45-5553-469B-B74A-00E3ADC3391D)

Turnirlə bağlı bütün məlumatları isə badminton.az saytının “Azerbaijan International 2019”la bağlı yaradılmış xüsusi səhifəsində tapa bilərsiz.(http://www.badminton.az/az/tournament/) 

Müəllif: Natiq NƏSİROV