"Sofiyaya bir neçə əsas güləşçimizi apara bilmədik": Novruzov
ESTAFET/ Bolqarıstanda keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatının ilk günlərində mübarizə aparan sərbəst güləş üzrə yığmamız iki medal qazandı. Cəbrayıl Hacıyev (65 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu oldu. Murad Haqverdiyev (45 kq) isə bürünc medalı boynundan asdı.
Komandanın dünya çempionatının çıxışı ilə bağlı millinin böyük məşqçisi Əsgərxan Novruzov Azərbaycan Güləş Federasiyasının (AGF) saytına açıqlama verib:
“Bütün yarışlara gedəndə qızıl medal qazanmağı və himnimizi səsləndirməyi qarşımıza məqsəd qoyuruq. Bildiyiniz kimi, iyunda Avropa çempionatında uğurlu çıxış etdik. 1 qızıl, 2 gümüş və 4 bürünc medalla komanda hesabında 2-ci yeri tutduq. Daha sonra Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) 6 güləşçimizin hamısı fəxri kürsüyə qalxdı. Vətəndə keçirilən yarışda 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etdik. Bütün gücümüzü də məhz EYOF-a qoymuşduq. Təəssüf ki, festival ilə dünya çempionatı arasında interval cəmi 1 həftə idi. Bu da bəzi aparıcı güləşçilərimizin çəkisalma problemiylə üzləşməsiylə nəticələndi. Ona görə də Sofiyaya bir neçə əsas güləşçimizi apara bilmədik. Ancaq EYOF-da çıxış etmiş güləşçilərimizdən ikisi Bolqarıstanda da ümidləri doğrultdu. Cəbrayıl Hacıyev qızıl, Murad Haqverdiyev isə bürünc medal qazandı. Ümumilikdə çıxışımızı qənaətbəxş saymaq olar. Hər halda, nəzərə alaq ki, iki yarış arasındakı qısa vaxta görə əsas heyətlə dünya çempionatına yollana bilmədik və bəzi güləşçilərimizdə əvvəlki yarışın yorğunluğu da sözünü dedi.
Sofiyada daha iki medal qazana bilərdik. 55 kq-da Zirəddin Bayramov Avropa çempionatında və EYOF-da qızıl medal qazanan italiyalı güləşçiyə tam üstünlüklə qalib gəlməyi bacardı. Ancaq 1/4 finalda Türkiyə təmsilçisinə uduzaraq medalsız qaldı. 60 kq-da isə Fərhad Kərimli isə ağır zədələndiyi üçün bürünc medal görüşünə çıxa bilmədi”.
Mütəxəssis güləşdə rəqabətin ildən-ilə gücləndiyini də söyləyib:
“Əvvəllər ciddi rəqib sayılmayan ölkələrin güləşçiləri indi rəqabətədavamlı və iddialıdır. Komanda hesabında 3-cü yeri tutan Hindistanı misal göstərə bilərəm. Rumıniya güləşçisi finala çıxmışdı. Rusiya və İran həmişə olduğundan daha güclü idi. Biz isə qeyd etdiyim kimi, əsas gücümüzü EYOF-a yönəltdiyimiz üçün bu il nəticəmiz nisbətən aşağı oldu. Ancaq növbəti analoji yarışlarda yenə də ən yüksək yerlər uğrunda mübarizə aparacağıq”.