3-cü Beynəlxalq hakimlər seminarı keçirilib
ESTAFET/ Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyası rəsmilərinin rəhbərliyi ilə Bakıda 3-cü beynəlxalq seminar təşkil edilib.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə növbəti dəfə paytaxtımızda olan komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin asisstenti Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səlimi (İran) Rusiyadan, İrandan və Türkmənistanla birgə, yerli hakim və məşqçilərə seminarın nəzəri və praktiki hissəsində son yeniliklər və dəyişikliklərlə bağlı ətraflı məlumat veriblər.
Milli komandanın üzvləri də seminarda iştirak edib. WKF Hakimlər Komissiyasının rəsmiləri seminar içtirakçılarını maraqlandıran suallara cavab verib, müxtəlif döyüş vəziyyətlərində yaranan halların hakimlər tərəfindən qiymətləndirilməsi məqamlarını aydınlaşdırıblar.
Dəvətə görə AMKF rəhbərliyinə minnətdarlığını bildirən WKF Hakimlər Komissiyasının sədri Xavyer Eskalante, son 10 ildə Azərbaycan karatesinin dünyada ən yuxarı pillələrdə olduğunu diqqətə çatdıraraq, beynəlxalq yarışlarda yüksək reytinq əldə edilməsində federasiya kollektivinin işini nümunəvi fəaliyyət kimi qiymətləndirib.
AMKF prezidenti Yaşar Bəşirov, yerli hakim, məşqçi və idmançıların bilik və təcrübələrinin artıtılmasına səy göstərdiyinə görə X.Eskalante başda olmaqla WKF Hakimlər Komissiyasının rəsmilərinə təşəkkürünü çatdırıb. O, belə tədbirlərin dünya karatesinin daha da inkişafında mühüm rolu olduğunu söyləyib.
Federasiyanın baş katibi Mirhəsən Seyidov, İdarə heyətinin üzvləri Fizuli Musayev, Oqtay Məmmədov, Mircabbar Seyidov və Hakimlər komitəsinin sədri Cahangir Babayev seminarı izləyib.
Sonda 120 seminar itirakçısına sertifikatlar təqdim olunub.