"Futbolçularda konsentrasiya çatışmazlığı var": Bordin
ESTAFET/ "Neftçi"nin baş məşqçisi Roberto Bordin futbol üzrə Azərbaycan Premyer Liqasının I turunda "Sabah"la evdə 1:1 hesablı bərabərliyə imza atdıqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis ilk olaraq oyunu dəyərləndirib.
- Əlbəttə, heç də yaxşı oyun göstərmədik. Avroliada məğlubiyyətdən sonra çalışırdıq ki, futbolçuları motivasiya edək, stumul verərək oyuna hazırlaşdıraq. Ancaq bu alınmadı. Futbolçular öz səviyyələrində futbol nümayiş etdirmədilər. İstədik ki, dəyişiklərlə məqsədimizə çataq. Ancaq istəyimiz baş tutmadı. Sabahdan qarşılaşmadan nəticə çıxarmalı və bu vəziyyətdən birgə çıxmalıyıq.
- Oyun alınmadı, yoxsa komandadaxili psixoloji vəziyyət yaxşı deyil?
- Deməzdim. Rəqib də qapalı oynamırdı. Boş zonaları vardı ki, hücum edərək yararlana bilərdik. "Bney Yehuda"ya uduzduğumuz matçdakı xarakteri bu gün görmədim. Qələbəyə köklənmişdik. Ancaq bu, hələ çempionatın əvvəlidi. Vaxtımız var ki, toparlanaq və qələbələri sıralayaq.
- Azarkeşlərin istefa tələblərinə münasibətiniz necədi?
- Oyunun sonunda komandanın pis nəticəsi olsa, uduzsa, bunu başa düşürəm. Özü də bunu bəzi azarkeşlər edirdi. Onu deyəndə, hesab açılmamışdı. Məncə, əsl "Neftçi" azarkeşi deyil. Əsl "Neftçi" azarkeşləri ilk dəqiqələrdən sonadək dəstəkləyənlər idi. Məncə, "istefa "qışqıranlar öyrədilmiş insanlar idi.
- Bu mövsümün "Neftçi"si ilə keçən ilki "Neftçi"ni necə müqayisə edərdiniz? Çatışmazlıq varsa, bu, nədi?
- Hələ ilk turdu, çatışmayan cəhətlər var ki, bunun üzərində işləməliyik. Ümumiyyətlə, yeni mövsümə yaxşı başladıq. iki mərhələ adladıq. Ancaq son oyunda eniş yaşandı ki, bunun da təsiri oldu.
- Yəni, görmək istədiyiniz bu komandadı?
- Dediyim kimi, heç-heçə etmişiksə, deməli, çatışmazlıqlarımız var və razı qalmadım.
- Konfransa bu qədər yubanmağınız nəylə bağlı idi? Rəhbərliklə söhbətiniz idi, yoxsa özünüzün futbolçularla söhbəti vardı?
- Futbolçularla söhbətim vardı. Sizləri gözlətdimsə, üzr istəyirəm.
- Komandanı bu vəziyyətdən çıxarmaq üçün ilk növbədə nə etmək lazımdı?
- Yaxşı sualdı. İlk növbədə oyunumuzu analiz etməli, çatışmayan cəhətləri aşkarlamalıyıq. Oyunumuzda emosional reaksiya yox idi. Bunun analizə dəxli yoxdu. Məncə, bu vəziyyətdən çıxacağıq. Həftəboyu həm fiziki, həm də psixoloji vəziyyət üzərində işləməliyik.
- Niyə Avroliqada qələbələri sıralayan komandada belə emosional sönüklük olsun?
- Mən də neçə il futbol oynamışam, məşqçiyəm. Bəzən işlərin yaxşı getməyəndə, üzərində təzyiq olanda, nə istəsən də alınmır. Bizdə də indi belə vəziyyətdi. Futbolda belə enişlər olur. Bir də futbolçularda konsentrasiya çatışmazlığı var. Bunları aradan qaldırmalıyıq.
- Yəni, futbol səbəbləridi, başqa səbələr yoxdu ki?
- Mən və bütün futbolçular qələbə üçün çalışırıq, məşq edirik. İnanmıram ki, futboldankənar amillər təsir etsin.