Məsud Yusifzadə 1/8 finala vəsiqə qazanıb
ESTAFET/ Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın altıncı günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.
52 kq çəkidə mübarizə aparan Məsud Yusifzadə Yekaterinburqda ilk qarşılaşmasını keçirib. 1/16 final mərhələsi çərçivəsində Səid Mortaji (Mərakeş) ilə qarşılaşan təmsilçimiz 5:0 (30:26, 30:27, 29:28, 30:27, 29:29) hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşündə ermənistanlı Artur Hovannisyanı sınağa çəkəcək. 1/8 final mərhələsinin görüşü sentyabrın 17-də olacaq.
M. Yusifzadədən fərqli, Amin Kuşkov (75 kq) 1/16 final səddini keçə bilməyib. İlk görüşündə türkmənistanlı Nursahat Pazziyevə qalib gələn boksçu rusiyalı Qleb Bakşiyə məğlubiyyətə üzülüb. Gərgin keçən döyüş rəqibin 4:1 (30:27, 28:29, 29:28, 30:27, 30:27) hesablı qələbəsini rəsmiləşdirib.